Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2026–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində regionda baytarlıq xidmətlərinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş regional müşavirə keçirilib

10 oktyabr 2026 | 12:07

Oğuz Rayon Mədəniyyət Mərkəzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində regionda baytarlıq xidmətlərinin təşkili, mövcud epizootik vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş regional müşavirə keçirilib.

Müşavirədə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatına göstərilən dövlət dəstəyi, Dövlət Proqramının icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə məlumat verib.

Rayon İcra Hakimiyyətinin başçısı heyvandarlığın kənd təsərrüfatının əsas sahələrindən biri olduğunu vurğulayaraq heyvan sağlamlığının qorunmasının, xəstəliklərin profilaktikası və qarşısının alınması istiqamətində tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini qeyd edib.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov çıxışında 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində baytarlıq sahəsində qarşıya qoyulan vəzifələrdən danışıb. O, epizootik sabitliyin qorunması, peyvəndləmə tədbirlərinin vaxtında və mütəşəkkil şəkildə aparılması, baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də fermerlər arasında maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Müşavirədə bir sıra rayonların baytarlıq xidmətlərinin rəhbərləri və özəl baytar həkimləri də çıxış ediblər. Onlar bölgədə mövcud vəziyyət, görülən işlər və fəaliyyət zamanı qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. Müzakirələrin yekununda mövcud problemlərin aradan qaldırılması, baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Regional müşavirənin davamı olaraq iştirakçılar fermer təsərrüfatlarına baş çəkib, heyvandarlıq sahəsində görülən işlərlə yerində tanış olublar.

Tədbirin sonunda səyyar baytarlıq xidmətlərinin göstərilməsi məqsədilə müasir texniki avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.

Keçidlər