2024-2025-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə edən məzun və şagirdlərlə görüş keçirilmişdir
2024-2025-ci tədris ilində Oğuz rayonunun ümumtəhsil məktəblərini 388 şagird bitirmişdir. Onlardan 191 nəfər ali məktəblərə, 70 nəfər isə kolleclərə qəbul olunmuşdur. Bu il rayon üzrə 3 nəfər qızıl, 5 nəfər gümüş, 2 nəfər isə bürünc medala layiq görülmüşdür. Qəbul imtahanlarında 8 nəfər 600-dən yuxarı, 37 nəfər isə 500–600 arası bal toplamışdır ki, bu da Oğuz təhsilinin uğurlu nəticələrindən xəbər verir.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı cənab Cavid Əbdul-Qədirov öz çıxışında ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.Gənclərə təhsil almağın və gələcəkdə vətənə faydalı vətəndaş olmağın vacibliyini, müasir texnologiyalar və elmi biliklərdən faydalanmağın əhəmiyyətini vurğulamış, rayonun inkişafında gənclərin böyük rol oynadığını, onların yeni ideyaları və biliklərinin Oğuza fayda verəcəyinə vurğulamışdır. Təhsilə qoyulan sərmayəni ölkənin gələcəyinə qoyulan sərmayə kimi dəyərləndirən Cavid Əbdul-Qədirov vurğulayıb ki, biliklərə əsaslanan iqtisadiyyat, innovasiyayönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Bu strateji baxış dövlət siyasətimizin əsasını təşkil edir. Ulu Öndərin müdrik uzaqgörənliyi, həm də dövlət başçısı İlham Əliyevin bu xətti ardıcıl şəkildə davam etdirməsi göstərir ki, təhsil Azərbaycanın gələcəyini müəyyənləşdirən ən mühüm amildir. Beləliklə, tələbəlik illəri gənclərdən daha çox məsuliyyət, daha çox zəhmət, daha geniş dünyagörüşü tələb edir. Təhsili uğurla başa vurmaq, seçdiyi ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək tələbələrin qarşısında duran əsas vəzifələrdir. Əldə olunan biliklər yalnız gənclərin gələcəyi üçün deyil, həm də Azərbaycanın gələcəyi üçündür.
Daha sonra çıxış edən Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik etmiş, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamış və 2024-2025-ci tədris ilinin nəticələri haqqında məlumat vermişdir.
Tədbirin davamında ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar çıxış edərək əldə etdikləri uğurun arxasında ailələrinin, müəllimlərinin və məktəblərinin böyük dəstəyi olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu uğurlar təkcə fərdi nailiyyətlər deyil, bütövlükdə cəmiyyətin təhsilə verdiyi dəyərin və göstərilən qayğının nəticəsidir.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, eləcə də müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə və layihələrdə uğurlar qazanmış şagirdlər, “Ən yaxşı təqdimat” nominasiyası üzrə fərqlənən şagird Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Görüşün sonunda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.
Aşağıda adları qeyd olunan şagirdlər 2024-2025-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticələr göstərmişdilər.
2024-2025-ci tədris ilində 600-dən çox bal toplamış şagirdlər
- Gülər Ənsərli Akif -683,2- Bakı Dövlət Universiteti
- Bəkirli Güləbatın Nizami -669- ADA
- Məmmədəliyeva Hənifə Vahid -668- Azərbaycan Tibb Universiteti
- Məmmədov Ləman Məmmədalı - 648,5- Azərbaycan Tibb Univerisiteti
- Şöyübova Mələk Yavər - 632- Bakı Dövlət Universiteti
- Aysel Səmədzadə Vüqar- 620,7- Azərbaycan Tibb Universiteti
- Şəhanə Nəbizadə Zabit- 617,5- Bakı Dövlət Universiteti
- Orucova Nuray Laçın - 606- Milli Aviasiya Akademiyası







