"2 İyul – Azərbaycan Polisi Günü" münasibətilə tədbir keçirilib
Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü münasibəti ilə Oğuz Rayon İcra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Rayon Polis şöbəsinin rəisi Fərid Fətəliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
RPŞ-də keçirilən tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov rayon polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, ictimai asayişin qorunması, qanunun aliliyinin təmin olunması və vətəndaşların təhlükəsizliyinin keşiyində göstərdiyi fədakar xidmətlərdən bəhs edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və hüquq-mühafizə siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq dövlətimizin başçısının polis orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahədə ardıcıl islahatlar həyata keçirildiyini, polis əməkdaşlarının xidmət şəraiti və maddi-texniki təminatı daha da gücləndirildiyini bildirib.
Daha sonra rayon Prokuroru Emil Kərimov çıxış edərək vurğulayıb ki, Azərbaycan Polisi 44 günlük Vətən müharibəsi və suverenliyinin tam bərpası istiqamətində Qəhrəman Ordumuzla birlikdə böyük fədakarlıq göstərərək dövlətçiliyimizə sədaqət nümunəsi nümayiş etdirmişdir.
Çıxış edən Rayon Polis şöbəsinin rəisi Fərid Fətəliyev, Azərbaycan polisinin cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını vurğulayaraq polis orqanlarına göstərilən yüksək dövlət qayğısına görə Möhtərəm Prezidentimizə minnətdarlığını ifadə edib, şəxsi heyətin bundan sonra da dövlətə, xalqa və qanunçuluğa sədaqətlə xidmət edəcəyini bildirib.
Sonda xidmətdə fərqlənən bir sıra polis əməkdaşı Oğuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.







