15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr – Bilik Günü münasibətilə Oğuz rayonunun ümumtəhsil müəssisələrində yeni 2026–2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasında təhsilin inkişafına göstərilən dövlət qayğısının, milli-mənəvi dəyərlərə əsaslanan təlim-tərbiyə prosesinin və gənc nəslin gələcəyə hazırlanmasının əhəmiyyətini əks etdirən çıxışlarla başlayıb.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son illər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri, müasir tədris imkanlarının yaradılması, müəllimlərin peşəkarlığının artırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Bildirilib ki, Azərbaycanın davamlı inkişafının, dövlətimizin gələcək qüdrətinin və cəmiyyətimizin tərəqqisinin əsas təminatlarından biri savadlı, dünyagörüşlü, müasir bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsidir. Bu baxımdan məktəblərin üzərinə yalnız şagirdlərə bilik vermək deyil, eyni zamanda onları milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə, vətənpərvərliyə, humanizm və vətəndaş məsuliyyətinə sadiq şəxsiyyət kimi formalaşdırmaq kimi mühüm vəzifələr düşür.
Çıxışlarda müəllim əməyinin xüsusi əhəmiyyəti də qeyd olunub. Müəllimlərin fədakar əməyi sayəsində şagirdlərin bilik və bacarıqları ilə yanaşı, onların Vətənə, dövlətə və xalqa bağlılıq hissləri də möhkəmləndirilir.
Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Şəhid ailələrinin nümayəndələri ilə görüşlər keçirilib, onların tədbirlərdə iştirakı xüsusi minnətdarlıq və ehtiram ifadəsi kimi qiymətləndirilib. Vurğulanıb ki, şəhidlərimizin qəhrəmanlıq yolu və Vətən sevgisi gənc nəslin tərbiyəsində mühüm örnəkdir.
Oğuz rayonunda təhsilin inkişafı istiqamətində görülən işlərə də toxunularaq qeyd olunub ki, rayonun ümumtəhsil müəssisələrində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik səviyyəsinin artırılması, onların müxtəlif bilik yarışlarında, olimpiadalarda, müsabiqə və layihələrdə iştirakının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Tədbirlərdə yeni dərs ilinin bütün müəllim, şagird və valideynlər üçün uğurlu və yaddaqalan olacağına əminlik ifadə edilib.
Sonda müəllim və şagirdlərə yeni tədris ilində möhkəm cansağlığı, yüksək təhsil göstəriciləri, yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulanıb. Şagirdlərə verilən əsas tövsiyə isə hər zaman bilik axtarışında olmaq, Vətənini sevmək, öz üzərlərində çalışmaq və Azərbaycanın gələcək inkişafına layiqli töhfə verən vətəndaş kimi yetişmək olub.







