1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları ilə görüş keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları ilə görüş keçirilmişdir. Tədbirin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əmanəti olan övladlara diqqət və qayğı göstərmək, onların sevincinə sevinc qatmaq olmuşdur.
Tədbirdə iştirak edən şəhid ailələri və uşaqlar böyük hörmət və ehtiramla qarşılanmış, onlar üçün xüsusi əyləncəli proqram təşkil edilmişdir. Balacaların üzündə yaranan təbəssüm, gözlərindəki sevinc tədbirə xüsusi rəng qatmışdır. Görüş zamanı qeyd edilmişdir ki, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq, onların ailələri və övladları isə hər zaman dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzində olacaqdır.
Tədbirdə uşaqlarla səmimi söhbətlər aparılmış, onların arzuları və gələcək planları dinlənilmiş, əyləncəli oyunlar təşkil edilmişdir.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, belə tədbirlərin uşaqların mənəvi dünyasında xüsusi yer tutduğunu vurğulamışlar. Bir daha bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, onların bizə əmanət qoyduğu övladlar hər zaman sevgi və qayğı ilə əhatə olunacaqlar.







