1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Oğuz Rayon Mədəniyyət Mərkəzində “Azərbaycan dili – milli kimliyimizin və mənəvi sərvətimizin təməli” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayonun ziyalıları, ədəbiyyat və mədəniyyət nümayəndələri, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova Azərbaycan dilinin milli kimliyimizin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, ana dilimizin zənginliyindən, dövlət dilinin inkişafı istiqamətində həyata keçirilən siyasətdən və dilimizin saflığının qorunmasının əhəmiyyətindən bəhs edib.
Digər natiqlər də çıxışlarında Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və dövlətçilik ənənələrinin əsas dayaqlarından biri olduğunu qeyd edərək, ana dilimizin qorunmasının və gələcək nəsillərə saf şəkildə çatdırılmasının hər bir vətəndaşın borcu olduğunu bildiriblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət dilinə hörmətin daha da möhkəmləndirilməsi və ana dilimizin inkişafına göstərilən diqqətin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.







