Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun daha da artacağına əminlik ifadə edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq Qələbədən ətraflı bəhs edib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxışında bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirdə partiya veteranı Azad Əliyev, Ərazi Partiya Təşkilat sədri Mehriban Abbasova, Qarabağ müharibəsinin iştirakçısı Ceyhun Səmədzadə və Vətən müharibəsi qəhrəmanı, şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub.