Oğuzda 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid ailə üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul nümayəndəsi, təhsil işçiləri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən Müharibəsi şəhidlərinin və dünyasını dəyişən təhsil işçilərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev tədbiri giriş sözü ilə açaraq, Oğuz təhsilinin inkişaf yollarından, qazanılan nailiyyətlərdən, təhsilə dövlət qayğısından, təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi və informasiya kommunikasiya texnologiyaları ilə təchizatı istiqamətində aparılan işlərdən və müəllim əməyinə verilən dövlət qiymətindən danışıb.
Tədbirdə çıxış edən şəhid müəllim Rəvan Lətifovun anası, V.İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Gültəkin Lətifova torpaqlarımızın azadlığı uğrunda başlayan döyüşlərdə qəhrəmanlıq göstərən oğlu şəhid müəllim Rəvan Lətifovun timsalında təhsil ictimaiyyəti üzvlərinin də adlarının yazıldığını bildirdi
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov çıxışında bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Təhsil işçilərini təbrik edərək,öz ürək sözlərini çatdırıb.
Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunublar.