“Gələcəyini düşün, sağlam həyat tərzini seç” mövzusunda seminar
31 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz rayonu Gənclər və İdman sektorunun, Oğuz rayonu Təhsil sektorunun birgə təşkilatçılığı ilə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseydə “Gələcəyini düşün, sağlam həyat tərzini seç” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Aqşin Abbasov, DQİDK–nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, Gənclər İdman sektorunun məsləhətçisi Rövşən Salehli, təhsil sektorunun metodisti Həqiqət Rəsulova, məktəb-liseyin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, sağlam həyat tərzinin, uzunömürlülüyün, sağlam düşüncəli şəxsiyyət olmağın yolu yeniyetmə dövrlərindən başlanır, ölkəmizdə əhalinin, xüsusilə də gənclərin sağlamlığının qorunması və daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Çünki sağlam həyat tərzi gələcəyin təminatıdır. Bildirilib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən, eyni zamanda gənclərin sağlamlığından çox asılıdır.