“Ana dilimizi sevək, qoruyaq”
Oğuz rayon Heydər Əliyev Mərkəzində 21 fevral beynəlxalq Ana dili günü münasibətilə “Ana dilimizi sevək, qoruyaq” adlı geniş tədbir keçirilmişdir . Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsul işçiləri T.Daşdəmirov və Y.Rzayev, Rayon Təhsil Şöbəsinin əməkdaşı R.Nurməmmədov, Rayon 1 və 2 saylı məktəbin müəllim və şagirdləri, Rayon Tarix muzeyinin, uşaq kitabxanasının, Gənclər İdarəsinin nüməyəndələri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı və UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilən Beynəlxalq Ana dili gününün 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edildiyini bildirdi.
Daha sonra çoxmilyonlu Azərbaycan xalqının tükənməz varlığı olan Azərbaycan dilinin tarixi və əsrlər boyu keçdiyi yol haqqında Mərkəzin elmi işçisi S.Baxışova məruzə etdi. Məruzəçi qeyd etdi ki, tariximizdə xüsusi yer tutan Səfəvilər hakimiyyəti dövründə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmayıb. Yalnız Ulu Öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan Respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Azərbaycan dilinin bu gün dövlət statuslu dillər arasında olması, onun mənəvi dirilik atributuna çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin luzaqgörən siyasətinin nəticəsidir. Ümummilli liderin davamçısı Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı və dilimizin inkişafı istiqamətində görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Mövzu ətrafında çıxış edən Mərkəzin bələdçisi Ş.Əlibəyli doğma dilimiz uğrunda Azərbaycan ədiblərinin, ziyalılarının apardığı tarixi mübarizə yoluna nəzər salıb. Çıxışçı qeyd edib ki, əsrlər boyu təqib və təzyiqlərlə qarşılaşan dilimiz laylalarımızın, bayatılarımızın, nağıllarımızın, “Kitabi-Dədə Qorqud”umuzun dilidir. Nizami müdrikliyi, Nəsimi üsyankarlığı, Şah İsmayıl qüdrəti, Füzuli məhəbbəti, Üzeyir dühası bu dildə ifadə olunaraq xalqımızın yaddaşına əbədi həkk olunub.
Daha sonra Rayon 2 saylı məktəbin şagirdləri geniş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirdə çıxış edən T.Daşdəmirov və Y.Rzayev qeyd etdilər ki, xalqın dilini-söz yaddaşını ondan almağa heç bir qüvvə qadir deyil. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Gərək heç vaxt laqeyd olmayasan, etinasızlıq göstərməyəsən. Hər vasitə ilə ana dilinin saflığını, varlığını qoruyasan. Bu dili bizə yadigar qoyub gedən babalarımız qoruyub bizə təhvil veriblər. Biz də bu dili qoruyaraq, gələcək nəsillərə ötürməliyik. Bu istiqamətdə keçirilən tədbirlər təqdirəlayiqdir.
Sonda kompozisiya iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəxri fərmanları və hədiyyələri təqdim olundu.