Oğuzda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi" mövzusunda tədbir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi "Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində Oğuzda gənc seçicilər üçün seminar təşkil etmişdir.
50-yə yaxın gəncin qatıldığı tədbirdə öncə layihə rəhbəri, Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədri Qalib Nəbiyev çıxış etmiş, layihə haqqında seminar iştirakçılarına geniş məlumat vermişdir. O, layihənin birbaşa gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakı, vətəndaş cəmiyyətinin inkişafına töhvə verilməsi, ümumilikdə demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətinə ünvanlandığını bildirmişdir.
Tədbirdə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz RİH-nın Baş Məsləhətçisi Aqil Məmmədli çıxış edərək gənclərin bələdiyyə seçkilərində aktiv iştiraklarının təmin edilməsi üçün belə layihələrin vacibliyini qeyd etmişlər.
Sonra seminara start verilmişdir. Təlimçi Sənan Nəcəfov əvvəlcə Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında qısa məlumat vermişdir.
Seçki haqda qeyd olunan məlumatların uzun müddət yaddaşlarda qalması, seçki prosesini tam mənimsəmək üçün seminar interaktiv oyunlarla davam etdirilmişdir. Gənclər, namizədliyin qeydə alınması, seçki komissiyasının işi, səsvermə prosesi, səslərin sayılması, müşahidəçilik, protokollaşdırılma, exit-pool və s. seçki mərhələlərini əyani göstərən "seçki imitasiyası" oyununda iştirak etmişlər.
Yekunda seminar iştirakçılarını maraqlandıran suallar dinlənilmiş və ətraflı müzakirə edilmişdir.