Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Tədbirdə çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın xalqımıza qarşı aparılan ən dəhşətli və qəddar faciələrindən biri olduğunu qeyd edərək, bu faciəni törətməklə ermənilərin xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq və tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istədiklərini bildirib.
E.Qurbanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşən xalqımızın müqəddəs vətən torpağı uğrunda 27 sentyabrda başlayan savaşında Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü ilə düşmən bütün torpaqlarımızdan qovuldu və 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız azad edildi. Bu gün savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur və onları ehtiramla yad edir.
Tədbirdə YAP Oğuz rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, Xocalı rayonu Qaragav kənd tam orta məktəbinin direktoru Aydın Əliyev, YAP Oğuz rayon təşkilatının aparat rəhbəri Mehman Ramazanov çıxış edərək həmin faciəli gecədə ermənilərin törətdikləri vəhşiliklər barədə danışdılar.