Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Avropada etirazçıları atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur.

05 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir. Ölkə başçısı öz müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları hər zaman davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında, ikinci avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir.
     Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər müasir silah-sursatı var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Ermənistan silahlı qüvvələri isə həmişə olduğu kimi dinc əhalini hədəf seçib. Sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı cinayətlər törədilmişdir. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb,  2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
   ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.
   Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək.  Prezident bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini qeyd edib. Bunun ictimaiyyət tərəfindən də müzakirə edilməsi məqsədəmüvafiq olardı.
   Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar    Azərbaycana gəlmişdir. “Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan  çoxsaylı beynəlxalq təşkilatların ifşası üçün  onların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı qabardılmalıdır. Bununla yanası, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər.  Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər.
   Münaqişənin həlli üçün Azərbaycan tərəfinin bir sıra şərtləri var idi. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır. O zaman Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə   təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib.
Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon  işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır. Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik. Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini və bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.
   Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir.  Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.
   Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Ölkə Prezidentinin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.
   Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır. 
   Azərbaycanda ciddi daxili problemlər yoxdur. Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər. Ölkə Prezidentinin yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan yayınanlar Vətən müharibəsi modelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır.
   Avropada etirazçıları  atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews"  fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır.
   Ölkəmiz haqqında xarici mətbuatda olan bəzi feyk xəbərlər vardır. Ölkə prezidenti xarici jurnalistlərə verdiyi müsahibələrində bununla bağlı tutarlı cavablarını vermiş, onların verdiyi sualları ətraflıca cavablandırmışdır.
   Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var. Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur.
“   Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur. Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. “Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır, Prezident hər dəfə müsahiblərində      Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir.
    Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona yaxın köçkün öz yurd-yuvasına qayıdacaq. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır. Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özü etməsi də istisna deyil.      Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər.
    İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur.     Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir.
   Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricilər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.
   Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Keçidlər