Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Azərbaycan tolerant və multikulturalizm ənənələrini yaşadan bir dövlətdir.

29 oktyabr 2020 | 16:00

25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatların “Fox News” televiziya kanalına müsahibə vermiş və həmin müsahibədə sentyabrın 27-dən başlayan Azərbaycan-Ermənistan münaqişəsinin Ermənistan təxribatı nəticəsində başladığını bildirmişdir. Dəfələrlə atəşkəsi pozan Ermənistan sentyabrın 27-də ağır artilleriya silahlarından atəşə  başlamış və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında itkilər olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş və 300 nəfər mülki şəxs yaralanmışdır. Ermənistanın bu terror hücumuna Azərbaycan ordusunun cavabı çox adekvat olmuş və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsi azad edilmişdir.  Ermənistanın faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir.  Bununla yanaşı Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri atəşkəs barədə birgə bəyanat imzaladılar. Lakin növbəti gün Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edilmişdir. Hücum nəticəsində 10 mülki şəxs həlak olmuş və 30 nəfər yaralanmışdır. Daha sonra Gəncəyə ikinci ballistik raket hücumu olmuş və həmin hücum nəticəsində 15  mülki insan həlak olmuşdur. Prezident İlham Əliyev müsahibəsində jurnalistin - bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz - fikrinə cavab olaraq  bildirmişdir: “Xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faiz, yoxsulluq səviyyəsi 5 faizdir.. Bunu da öz ölkənizlə müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.” Müsahibənin davamında korrupsiya və ailə idarəçiliyi ilə bağlı Prezident İlham Əliyev bildirmişdir: “Korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”. Münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada da daxili siyasətə təsirinin olduğu, daha çox lobbiçilik fəaliyyəti ilə məşğul olduğu və  Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyi aşkardır. Münaqişə ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin müdaxilə etməsinə qarşıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar.  ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. ABŞ-ın Prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlamışdır. Müstəqilliyin ilk illərindən Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmiş və dəfələrə Azərbaycanı dost ölkələr siyahısında qeyd etmişdir. Bu gün ikitərəfli əməkdaşlıq  ən yüksək səviyyədədir. Ona görə də regionda sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır.  Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Müsahibəsində cənab Prezident qeyd etmişdir ki, Azərbaycanlılar və ermənilər Gürcüstanda, Rusiyada, Ukraynada, eləcə də bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda da birlikdə yaşaya bilər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq və region daxilindəki ölkələr sülh içərisində yaşayacaqdır. Çünki Azərbaycan tolerant və multikulturalizm ənənələrini yaşadan bir dövlətdir. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər