“Gənc Sahibkarların Qəbələ Forumu” keçirildi
Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların Qəbələ Forumu keçirilmişdir.
"Gənc Mühasiblər" İctimai Birliyi, "Gənclər üçün Təhsil Mərkəzi" və "Sosial İqtisadi İnkişafa Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forum gənc iqtisadçıları və sahibkarları Azərbaycanda gedən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə peşəkar səviyyədə məlumatlandırmaq məqsədi daşımışdır. Forum iştirakçılarının həmin məsələlərlə bağlı şəxsi fikir və düşüncələri öyrənilmiş, ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunmuşdur.
Forumda Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, ekspertlər və əlaqədar dövlət orqanlarının nümayəndələri iştirak etmişlər. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qazanılan uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. F.Heydərov bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını qeyd etmiş, sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin uğurla icra olunduğunu, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını vurğulamışdır. Milli Məclisin deputatı tövsiyə xarakterli çıxışında bildirmişdir ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və perspektivləri nəzərə almalıdırlar.
Qəbələ Forumunda "Gənc Mühasiblər" İctimai Birliyinin sədri Solmaz Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Qədirov, "Sosial İqtisadi İnkişafa Dəstək" İctimai Birliyinin sədri Qalib Nəbiyev, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış etmişlər.
Daha sonra "Makroiqtisadi göstəricilər iqtisadi və sosial inkişafın yüksəlişindən xəbər verir", "Dövlət Məşğulluq Xidməti tərəfindən gənc işaxtaranların sahibkarlıq fəaliyyətinə başlamalarına kömək göstərilməsi", "Sahibkarlıq fəaliyyətinin inkişafında bankların rolu", "Sahibkarlıqda strateji istiqamətləndirmə: Gələcəyə baxış" və digər mövzularda məruzələr dinlənilmişdir.
Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də çıxış etmiş, kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim edilməsi qərara alınmışdır.