Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq
Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. İşğalçı Ermənistan Moskvada imzalanan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozdu. Düşmən öz ərazisindən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Gəncəyə raket hücumu nəticəsində çoxsaylı insan tələfatının şahidi olduq. Ermənistan hökumətinin beynəlxalq səviyyədə məsuliyyətsizliyi davam edir və qarşı tərəf güzəştə getmək istəməyərək, ərazilərimizdən çıxmaq niyyətində deyil. Humanitar atəşkəs o məqsədlə əldə olunur ki, həm tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etdi. Onlar ənənələrinə sadiq qalaraq humanitar atəşkəs razılaşmasından dərhal sonra mövqelərimizə hücum etdilər, Gəncə şəhərini raket atəşinə tutdular. Bu, bəşəriyyətə və insanlığa açıq şəkildə meydan oxumaqdır, vandalizmdir. Azərbaycan Ordusu ermənilərin bu cinayətini cavabsız qoymadı və bundan sonra da qoymayacaq. Ordumuz doğma torpaqlarımızın işğaldan azad olunması missiyasını davam etdirir. Azərbaycan xalqı haqq işi uğrunda mübarizə aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. 14 oktyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına verdiyi müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısı müsahibəsində bildirib ki: “Artıq biz sülhə daha da yaxınlaşmışıq. Ona görə ki, ölkəmizdə xalq-iqtidar birliyi hökm sürür. Ordumuz cəbhədə böyük şücaət göstərir. İşğal olunmuş torpaqlarımız düşməndən azad edilir, yaşayış məntəqələrimizin öz tarixi adları geri qaytarılır. Həmin məntəqələrdə bizim bayrağımız dalğalanır. Bizim Dağlıq Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq”! Dağlıq Qarabağda indi səfalət hökm sürdüyünü qeyd edən Azərbaycan Prezidenti deyib: “Biz oraya sərmayə yatıracaq, orada sosial proqramlar icra edəcək, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız da olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”. Cənab Prezident müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrinə də toxunmuşdur. “Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı”. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o, daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, bir çox ölkələrdən fərqli olaraq, Türkiyə bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Dövlətimizin başçısı vurğuladığı kimi, bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Təkcə bu gün 8 kəndimiz düşmən işğalından azad olundu! Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!