Karantin reyiminin sərtləşdirilməsi yoluxmanın qarşısının alınmasına xidmət edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb. Həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərar qəbul olunub. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən bütün tədbirlər onu söyləməyə əsas verir ki, dövlət hər zaman vətəndaş amilini ön plana çəkir. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Biz bu gözəgörünməz bəlaya birlikdə qalib gəlmək gücündəyik.