28 fevral 2019-cu il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı hesabat yığıncağı keçirilmişdir.
2018-ci ildə Oğuz rayonunun social-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun
HESABATI
Hörmətli iclas iştirakçıları!
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin giriş nitqində göstərildiyi kimi “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.”
Cənab Prezident tərəfindən 2019-cu ili ölkəmizdə “Nəsimi” elan olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlər .
Regionların sosial-iqtisadı inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, rayonda südlük və ətlik istiqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.
Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülərin tikintisini davam etdirmək üçün 2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanıb. 22 km-lik Baş Daşağıl- Muxas- Bucaq kənd, Oğuz-Xaldan yollarına qum-çınqıl döşənmiş, həmin yollara asfalt salınmışdır.
Rayonun elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Oğuz şəhərində, Xaçmaz, Xalxal, Baş Daşağıl, Muxas, Bucaq kəndlərində 10 və 0,4 kv-luq kabel çəkilmiş, 93 ədəd yeni KTM sxemə qoşulmuşdur. 17 ədəd 10/04 kv-luq yarımstansiya cari təmir edilmişdir, 35/10 kv-luq 20 MVA güçündə yeni Oğuz yarımstansiyası tikilərək istismara verilmişdir. 4673 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunmuşdur. Yeni quraşdırılmış 93 ədəd KTM-in 04 kv-luq elektrik verilişi xəttlərində açıq naqillər “SİP” markalı kabel xətti ilə əvəz olunmuşdur.
Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş kiçik su elektrik stansiyalarının (KSES) tikinti altı sahəsi 7,22 hektardır. Layihə üzrə burada 1 ədəd hidroqovşaq, 3 ədəd SES binası , 3 ədəd basqılı boru və 1 ədəd aparıcı kanal tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda tikinti işləri davam etdirilir, yaxın vaxtlarda KSES-lərin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Xaçmazqışlaq kəndinə 142 abonentin normal təbii qazla təmin edilməsi üçün bir ədəd ŞQTM-300 kub metr/saat tipli yeni qaz tənzimləyici quraşdırılıb. Top kəndində 644 p/m yeni d-57 mm-lik qaz xətti çəkilmiş, 348 p/m qaz xətti antipasla rənglənmiş, 300 p/m d-40 mm-lik qaz xətti həyətlərdən çıxarılaraq səli-qəyə salınmışdır. Zərrab kəndində 620 p/m yeni d-57 mm-lik qaz xətti çəkilmiş, 85 p/m d-76 mm-lik qaz xətti dayaqlar üzərinə qaldırılaraq səliqəyə salınmış, rənglənmış və sayğaclar yeni çəkilmiş xəttlərin üzərinə köçürülmüşdür. Şirvanlı kəndində d-89 mm-lik 195 p/m, d-57 mm-lik 146 p/m, Tayıflı kəndində d-89 mm-lik 275 p/m qaz xətti dayaqlar üzərinə qaldırılaraq rənglənmiş, sayğaclar yeni çəkilmiş xəttlərin üzərinə köçürülmüşdür. Muxas kəndinə yeni qaz xətti çəkilib istifadəyə verilmişdir.
Oğuz Poçt filialının Baş Daşağıl, Muxas, Xalxal, Böyük Söyüdlü, Qarabulaq şöbələri mobil şəbəkəyə qoşulmuşdur. 2018-ci il ərzində Xalxal, Xaçmazqışlaq, Ərmənət, Qarabulaq, Calut və Böyük Söyüdlü kəndlərinə yüksək sürətli İnternet verilib. Böyük Söyüdlü, Qarabulaq və Calut kəndlərinə internet verilişi ilə əlaqədar 30 km uzunluğunda optik kabel çəkilmişdir.
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Meliorasiya-irriqasiya işlərinin görülməsi üçün sənədləşmə işləri aparılıb. 2018-ci ildə Bucaq, Sincan, Top, Padar, Kərimli, Xaçmaz kəndlərində subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdirilib. Həmin kəndlərdə subartezian quyuları qazılıb başa çatdırılıb və istifadəyə verilib. Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər davam etdirilir. Oğuz çay, Daşağıl çay, Xalxal çay, Türyan çay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcralarında ekskavator və buldozerlər vasitəsi ilə tənzimləmə işləri görülmüşdür. Oğuz çay sistemində Oğuz şəhərini mühafizə edən daş-beton bəndlərində təmir işləri görülmüşdür. Türyan çay sistemində Mollalı kəndinin və əkin sahələrinin, Qala çay sistemində Yemişanlı, Filfili, Xaçmaz, Dəymədağlı, Sincan kəndlərinin və əkin sahələrinin sel sularından qorunması məqsədi ilə qum-çınqıldan mühafizə bəndləri quraşdırılmışdır. 2018-ci ildə Xaçmaz, Sincan, Dəymədağlı, Tərkeş kəndlərində tütün əkini ilə əlaqədar yeni suvarma arxları qazılmışdır. Qoz, fındıq bağlarına suvarma suyu verilməsi üçün yeni suvarma arxları çəkilmiş və ya bərpa edilmiş, lildən təmizlənmişdir.
Mənzil təsərrüfatı və abadlıq quruculuq tədbirləri üçün Oğuz şəhəri üzrə müfəssəl planın hazırlanması üçün ilkin sənədləşmə işləri aparılıb. Vəsait ayrılması nəzərdə tutulur.
Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb.
Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləçək işlərin tədbirlər planı hazırlanıb. Musiqi məktəbinin dam örtüyü dəyişdirilib.
Oğuz şəhərində iki körpələr evi-uşaq bağçasının tikintisi, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa gücləndirmə işləri davam etdirilir. Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində yeni modul tipli məktəblərin inşasına başlanıb.
Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi sahəsində işlər davam etdirilir. Alternativ enerji mənbələri hesabına məktəblərin qızdırılması üçün layihə-smeta sənədləri hazırlanır.
Məişət tullantılarının idarə edilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Məişət tullantılarının alternativ enerji mənbələri kimi istifadə edilməsi üçün danışıqlar aparılır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlər davam etdirilir. Aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Oğuz şəhərində çoxmənzilli binaların tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmışdır.
2018-ci il ərzində Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin 6 küçəsində səkilərdə 4136 m² sahədə tomet tavaların döşənməsi işləri yerinə yetirilmişdir.
Həmçinin şəhərin 18 küçəsində ümümilikdə 16270 m² sahədə asfalt-beton örtüyün salınması işləri yerinə yetirilmişdir.
Oğuz şəhərində çoxmənzilli ictimai yaşayış binalarının təmiri işləri üzrə 4 ictimai yaşayış binasında dam örtüyünün, fasad və giriş bloklarının təmiri işləri yerinə yetirilərək sakinlərin istifadəsinə verilmişdir.
Bundan başqa şəhərin 3 ictimai yaşayış binasının fasadları təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
2018-ci ildə rayonun Kərimli kəndində “fındıq emelı sexi”nin, Calut kəndində “ailəvi istirahət mərkəzi”nin, Bayan kəndində sahibkar tərəfindən “tütün qurutma sexi”, Bucaq kəndində “cücə sexi”nin tikintisi başa çatdırılmış və istismara verilmişdir. Turizm sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə müvafiq qrumlar tərəfindən işlər aparılır. Oğuz şəhərində “Panorama” hoteli tikilib istifadəyə verilmişdir. Muxas kəndində Yaponiya səfirliyinin dəstəyi ilə yeni, müasir tələblərə cavab verən 10-otaqdan ibarət tibb məntəqəsinin tikintisi başa çatmışdır.
Həmçinin Bucaq kəndində 2016-cı ildə inşasına başlanmış “tütün qurutma sexi”nin bir hissəsi tikilib istismara verilmiş və hal-hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Azərbaycan Kənd İnvestisiya layihəsi Çərçivəsində Bayan kəndinin qəbiristanlığının ətraf hissəsi hasara alınmış, yeni su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Kənd daxili 10 (on) km uzunluğunda olan yol yenidən təmir olunmuş, 7-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır.
Qumlaq Bələdiyyəsi tərəfindən Şirvanlı kənd uşaq bağçasında təmir işləri aparılmışdır.
Filfili kəndində içməli su xətti təmir olunmuşdur.
Padar kənd Bələdiyyəsi tərəfindən kəndin mərkəzi küçəsində 60 m uzunluğunda mişar daşından hasar çəkilmiş, abadlıq işləri aparılmışdır.
Çaldaş və Çayqovuşan kəndlərində 25 km, Qarabulaq kəndində 5-km kənd daxili yola qum-çınqıl tökülərək təmir işləri aparılmışdır.
Calut Bələdiyyəsi tərəfindən 3-km uzunluğunda kənd daxili yola qum-çınqıl tökülərək təmir olunmuşdur.
Baş Daşağıl Bələdiyyəsi tərəfindən kəndin içməli su xətlərində təmir işləri aparılmış, su keçidləri dəyişdirilmişdir.
Hesabat dövründə rayonda açılmış 410 yeni iş yerlərindən hamısı daimi olmuş, onlardan 2-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 28-i mövcud müəssisə və təşkilatlarda, 378-i fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara və quşların yetişdirilməsi sahəsində işlər davam etdirilir.
Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər hesabat dövründə də ciddi şəkildə davam etdirilmişdir.
2002-2018-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 225 sahibkara 12,325 milyon manat, o cümlədən 2018-ci ildə 2 sahibkara 25,0 min manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 983, o cümlədən 2018-ci ildə 3 yeni iş yeri yaranmışdır.
Oğuz rayonunda 2018-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 13,8 % artaraq 115,4 milyon manat təşkil etmişdir.
Ondan kənd təsərrüfatında 43,0 milyon manatlıq (37,2 %), sənayedə 10,8 milyon manatlıq (9,3%), tikintidə 30.9 milyon manatlıq (26,8%), nəqliyyatda 2,4 milyon manat (2,1%), rabitə və informasiya sahəsində 534,2 min manatlıq (0,5%), ticarət və xidmətlər sahəsində 27,8 milyon manatlıq (24,1 %) məhsul və xidmətlər istehsal olunmuşdur.
2018-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 31,2 milyon manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilə nisbətən 12,7 milyon manat (68,4 %) çoxdur. İnvestisiyaların 20,0 milyon manatı (64,1%) istehsal təyinatlı, 11,2 milyon manatı (35,9 %) qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyadan 30,9 milyon manat(98,9%) tikinti-quraşdırma işlərinə sərf edilmişdır. İnvestisiyaların 21,4 milyon manatı (68,5 %) dövlət müəssisə və təşkilatlarının, 9,8 milyon manatı (31,5%) qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşür. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 11,0 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
2018-ci ildə ailə kəndli və ev təsərrüfatlarında 202 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 19471 kv.metr, yaşayış sahəsi 16578 kv.metr olmuşdur. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 5,5 milyon manatdır.
Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 %-ni təşkil edir.
2018-ci ilin məhsulu üçün rayon üzrə ümumi əkin sahəsi 19353 hektar olmuşdur. Bu, keçən ilə nisbətən 1240 hektar (6,0 %) azdır. Əkin sahələrinin 16758 hektarı (86,6 %) payızlıq, yazlıq dənlilər və dənli paxlalılar, 633 hektarı (3,3 %) kartof, tərəvəz və bostan bitkiləri, 250 hektarı (1,3 %) texniki bitkilər, 1712 hektarı (8,8 %) yem bitkilərindən ibarətdir. Payızlıq, yazlıq dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsinin 16395 hektarı (97,8 %), ümumi əkin sahələrinin 84,7%-i dən üçün payızlıq taxıl sahələridir. Yaz əkini qurtaranadək salamat qalmış payızlıq taxılın 11830 hektarı (72,2 %) buğda, 4565 hektarı (27,8 %) arpadır.
2018-ci ildə rayonun taxılçıları tərəfindən 30,5 sentner/hektar olmaqla 51087 ton dənlı və dənli paxlalılar istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 7430 ton (17,0 %) çoxdur. Payızlıq taxıl istehsalı keçən ilə nisbətən 7951 ton (19,0 %) artaraq 49775 ton olmuşdur.
İstehsal edilmiş payızlıq taxılın 36299 tonu (72,9 %) buğda, 13476 tonu (27,1%) arpa məhsulu olmuşdur.
Hesabat ilində 52 hektar vələmir sahəsindən 120 ton məhsul istehsal edilmişdir. Ailə kəndli və ev təsərrüfatlarında səpilmiş 25 hektar dən üçün lobya sahəsindən 25 ton,15 hektar soya sahəsindən 13 ton, 44 hektar noxud sahəsindən 44 ton məhsul istehsal edilmişdir.
Cari ildə ailə kəndli və ev təsərrüfatlarında 227 hektar dən üçün qarğıdalı səpilmişdir. Hesabat dövründə 1110 ton məhsul istehsal edilmişdir.
Hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 250 hektar tütün əkilmişdir. Bu, əvvəlki İlə nisbətən 60 hektar (31,6 %) çoxdur. 7 hektar tütün sahəsi dolu və leysan yağışları nəticəsində tamamilə məhv olmuşdur. 243 hektar tütün sahəsindən 377,4 ton quru tütün istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 88 ton (30,4 %) çoxdur.
Cari ildə 297 hektar kartof əkilmişdir. 2991 ton kartof istehsal edilmişdir.
Cari ildə 3007 ton tərəvəz istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 83 ton çoxdur.
Rayonda 4851 hektar meyvə bağları mövcuddur. Cari ildə 431 hektar yeni bağlar salınmışdır. Yeni bağların 322 hektarı fındıq, 105 hektarı qoz, 4 hektarı alça bağlarıdır.
Bağların 2733 hektarı bar verən yaşda olan əkmələrdir. Onlardan 4339 ton meyvə istehsal edilmişdir. Meyvə istehsalı keçən ilə nisbətən 186 ton çoxdur.
Meyvə bağlarının 3695 hektarı (76,2%) fındıq bağlarından ibarətdir. Fındıq bağlarının 1839 hektarı (49,8 %) bar verən yaşdadır. Hesabat ilində 1106 ton fındıq məhsulu istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 203 ton (22,5 %) çoxdur.
Cari ildə rayonda 33 hektar üzümlük mövcuddur ki, onun da hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsusdur. Üzümlüklərin hamısı bar verən yaşdadır. Sahələrdən 120 ton üzüm yığılmışdır. Bu, keçən ilə nisbətən10 ton çoxdur.
Rayonda İpəkçiliyi inkişaf etdirmək üçün hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 4,1 hektar yarpaq üçün yeni çəkilliklər əkilmişdir. Çəkil əkmələrinin ümumi sahəsi 24,8 hektardır. Hesabat ilində 156 qutu olmaqla 2964 qram barama–ipəkqurdu toxumu 77 istehsalçıya bəslənməsi üçün paylanmışdır. 5187,7 kq barama istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 2663,7 kq (2,1 dəfə) çoxdur.
01 yanvar 2019-cu il tarixə rayonda iri buynuzlu mal-qa-ranın sayı 21493 baş, qoyun və keçilərin sayı 46033 baş olmuşdur.
2018-ci ildə 2511 ton ət, 15389 ton süd, 5372 min ədəd yumurta,105,6 ton yun istehsal edilmişdir. Keçən ilə nisbətən ət istehsalı 112 ton, süd istehsalı 697 ton yun istehsalı 4,9 ton azalmış, yumurta istehsalı 187 min ədəd artmışdır.
2018-ci il ərzində Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət tərəfindən ayrılan 1054008 manat subsidiya rayon üzrə cəmi 5540 nəfər istehsalçının kart hesabına köçürülmüşdür. Bundan əlavə 77 barama istehsalçısının kart hesablarına 24441 manat subsidiya köçürülmüşdür. 2018-ci ilin məhsulu üçün istehsal edilən 275700 kiloqram quru tütünə görə 13785 manat subsidiya istehsalçıların kart hesablarına köçürülmüşdür.
2018-ci il ərzində 1406 baş mal–qarada süni mayalanma işləri aparılmışdır. Yeni doğulmuş 781 buzova 78,1 min manat məbləğində subidiya hesablanaraq istehsalçıların bank hesablarına köçülürmüşdür.
Oğuz rayonu üzrə 4850 arı ailəsinin sənədləri hazırlanmış və 2500 arı ailəsinin subsidiyası üçün ayrılmış 25 min manat vəsait arı saxlayan fiziki və hüquqi şəxslərin kart hesablarına köçürülmüşdür.
Rayon baytarları tərəfindən də hesabat dövründə heyvanlar və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktiki və diaqnostik tədbirlər aparılmışdır.
2018 – ci ilin məhsulu üçün 2017 – ci ildə səpilmiş 16395 ha payızlıq əkin sahələrində cari ilin ötən dövrü ərzində müvafiq olaraq aqrotexniki tədbirlər həyata keçirilmiş, bu məqsədlə sahibkarlara rayon Aqroservis müəssisəsinin xətti ilə güzəştli qiymətlərlə 1075 ton azot, 98.3 ton ammofos, 386 ton nitroammofoska gübrəsi, 246 ton karbamid, 113 kq qrandland, 850 litr renumbra, 875 litr torcup, digər herbisidlər satılmışdır.
2018-ci il ərzində Şəki Regional Aqrokimya Laboratoriyasının Oğuz nümayəndəliyi tərəfindən 55 torpaq nümunəsi götürülərək analiz edilmiş və cavabları istehsalçılara təqdim edilmişdir.
Ümumiyyətlə analizin nəticələri göstərir ki, rayonumuzun əkin torpaqlarının üzvi və mineral gübrələrə tələbatı həddən artıqdır.
Payızlıq taxıl və s. əkinlərə təxminən orta hesabla verilən 50- 60 kq fosfor, kalium, azot gübrələri məhsuldarlığa az təsir edir. Ona görə də həmin gübrələrin, azot gübrəsindən başqa hektara 100-150 kq miqdarında verilməsini rayonumuzun fermerləri nəzərə almalıdırlar.
Azot gübrəsi məhsuldarlıqda əsas rol oynayır. Rayonumuzun təsərrüfatlarında əldə olunmuş analizlərdən aydın olur ki, azot gübrəsinin əkilmiş bitkiyə norma daxilində verilməsini təmin etməklə yüksək məhsul götürülməsinə nail ola bilərik.
Əhalinin sosial müdafiəsi məsələləri
Oğuz rayonunda əhalinin sayı 01 yanvar 2019-cu il tarixə 44274 nəfər olmuşdur. Əhalinin 22389 nəfərini (50,57 %) kişilər, 21885 nəfərini (49,43 %) qadınlar təşkil edir. Əhalinin 7424 nəfəri (16,8 %) şəhərdə, 36850 nəfəri (83,2 %) kənd yaşayış məntəqələrində yaşayır.
2018-ci ildə 560 körpə doğulmuş, 253 nəfər ölmüşdür. Doğulanların sayı əvvəlki ilə nisbətən 105 nəfər, ölənlərin sayı 13 nəfər azalmışdır. Təbii artım əhalinin hər 1000 nəfərinə 7,0 nəfər olmuşdur. Hesabat dövründə 292 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 56 vahid olmuşdur. Keçən ilə nisbətən nikahlar 44 vahid azalmış, boşanmalarin sayı eyni olmuşdur. Rayona 63 nəfər gəlmiş, 26 nəfər getmişdir.
2018-ci ildə yerli gəlirlərə dair müəyyən olunmuş 2 milyon 919 min manat proqnoza qarşı büdcəyə 3 milyon 447 min manat vergi, rüsum və sair gəlir daxil olmuşdur ki, bu da proqnozun 118.1% icra olunması deməkdir.
Hesabat ilində ayrı-ayrı vergi növləri üzrə proqnoz tapşırıqları kəsrlə icra olunmuşdur. Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə 63.8%, hüquqi şəxslərdən əmlak vergisi 29.8%, dövlət mülkiyyətində olan torpaqların icarə haqqı üzrə proqnoz 79.9%, sair daxilolmalar 55.7% və hüquqi şəxslərdən torpaq vergisi üzrə 41.8% yerinə yetirilmişdir.
2018-ci il üçün yerli xərclərə dair illik proqnoz 5 milyon 971 min 500 manat dürüstləşmiş təyinata qarşı 5 milyon 756 min 143 manat olmaqla 96% icra olunmuşdur.
2018-cı il ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 9,4 milyon manat müəyyənləşdirilmişdir ki, bunun da 8,8 milyon manatı büdcə təşkilatlarının, 578 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. Dövr ərzində sığortaedənlərdən 10,6 milyon manat vəsait toplanaraq proqnoz tapşırığa şöbəmiz üzrə 112.6 faiz əməl olunmuşdur.
Şöbə tərəfindən 2018-cı il ərzində uçotda olan 5850 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlardan da 3579 nəfəri yaşa görə, 1985 nəfəri əlilliyə görə, 286 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
Hal-hazırda Oğuz rayonu üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 197,76 manat təşkil edir. Rayon üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün hər ay orta hesabla 1116,7 min manat vəsait tələb olunur.
2018-cı il ərzində sosial müavinət, təqaüd və kompensasiya alan cəmi 2278 nəfər olmuşdur ki, onlara da aylıq 185,5 min manat vəsait ödənilmişdir. Dövr ərzində müxtəlif növdə aylıq sosial müavinət, təqaüd, həmçinin birdəfəlik müavinət alınması üçün 498 nəfər vətəndaşın ərizəsinə komissiyada baxılmışdır ki, onların hər birinə müvafiq təyinat aparılaraq, müavinət ödənişləri təmin edilmişdir.
01 yanvar 2019-cu il tarixə rayonda mövcud əhalinin 24373 nəfəri əmək qabiliyyətlidır. Rayonda əhalinin 22934 nəfəri iqtisadi fəal əhalidir. İqtisadi fəal əhalinin 4109 nəfəri idarə və təşkilatlarda çalışır. İşləyənlərin 3778 nəfəri dövlət, 331 nəfəri qeyri-dövlət müəssisələrində çalışır.
2018-ci il ildə Məşğulluq Xidməti orqanlarının fəaliyyətində işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması məqsədi ilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə daha çox üstünlük verilir.
2018-ci hesabat ilində 1480 nəfər Mərkəzə müraciət etmiş, onlardan 1211 nəfəri işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 175 işaxtaran vətəndaşa işlə təmin edilmişdir
Hesabat dövründə 5 nəfərə işsizlik statusu verilmiş, 8 nəfərə müavinət təyin edilmişdir. Müvafiq dövrə müavinətin orta aylıq məbləği 185,0 manat olmuşdur. Hal-hazıda Mərkəzdə 01 yanvar 2019-cu il tarixə 33 nəfər işsiz statusu almış vətəndaş qeydiyyatdadır.
Oğuz rayonu ərazisində 367 ailə-1698 nəfər qaçqın, onlardan 184 ailə-780 nəfər Ermənistan Respublikasından, 183 ailə-918 nəfər Özbəkistan Respublikasından qaçqın düşərək rayon ərazisində daimi məskunlaşmışlar. 14 icra nümayəndəliyi ərazisində 645 ailə-2481 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri rabitədir. 2018-ci ildə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 640,0 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir. Xidmətlərin həcmi keçən ilə nisbətən faktiki qiymətlərlə 61,0 min manat artmışdır.
2018-ci ildə 56 ədəd telefon artımı olmuş, yüksəksürətli internetə qoşulanların sayı 664 nəfər artmışdır. Hazırda rayon üzrə yüksəksürətli internetə qoşulanların sayı 3278 nəfər təşkil edir ki, bu da ümumi abunəçilərin 50,5% deməkdir.
Yüksəksürətli internetə qoşulanların 2907 nəfəri “Aztelekom”net provayderinin istifadəçisidir ki, bu da ümumi istifadəçilərin 88,7 % təşkil edir.
2018 – ci il ərzində qovşaqda hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı 35,8 ədədə, hər 100 ailəyə düşən telefonların sayı isə 71,1 ədədə çatdırılmışdır.
Rabitə müəssisələrində işləyənlərin orta sayı 62 nəfər olmuş, onlara 259,8 min manat əmək haqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq əmək haqqı 349,2 manat olmuşdur. Bu, keçən ilə nisbətən 16,9 manat çoxdur.
Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı idarəsi şəhərin küçələrinin və parklarının sanitar təmizliyinə‚ yaşıllığına‚ abadlığına, işıqlanmasına, əhaliyə, kommersiya mağazalarına və büdcə təşkilatlarına müqavilə ilə kommunal xidmətləri göstərir.
2018-ci il ərzində 25 idarə və təşkilatlarla, 210 sahibkarlıq və kommersiya obyektləri, 1135 fərdi təsərrüfat, ictimai yaşayış massivləri üzrə 357 olmaqla, cəmi 1727 sayda müqavilə bağlanmışdır.Bağlanmış müqavilələrə əsasən yığıma 95 % əməl olunub.
Müəssisə ümumi sahəsi 39033 m2 olan 32 binaya xidmət göstərir.
Yaşıllaşdırma sahəsi üzrə il ərzində şəhər abadlığı üçün lazım olan ağac tingləri və gül kollarının alınması təmin edilmiş və 3000 ədəd ağac tingi və 2000 ədəd gül kolu əkilmişdir.Bundan başkqa parnik salınmış 2500 ədəd qızıl gül qələmi əkilmişdir.
2018-cı il ərzində Oğuz EŞ-si üzrə 65,98 milyon kvt/saat faydalı elektrik enerji istehlak olumuşdur. Həmin enerjinin dəyəri 5,57 milyon manat manat təşkil edir. Bu enerjinin 5,6 milyon manatı yığılmışdır. Bu da alınan enerjinin dəyərinin 98,5 % olmuşdur. Əhaliyə 14,15 milyon kv/saat- 997 min manat dəyərində elektrik enerjisi satılıb. Ödəniş 1067 min manat-107,0 % olub.
2018-ci il ərzində rayonun əhali və təşkilatlarına 12,31 milyon m3 təbii qaz satılmışdır ki, onun da dəyəri 1,63 milyon manat təşkil edir. İl ərzində 1,59 milyon manat vəsait toplanaraq plana 97.1 % əməl edilmişdir. O, cümlədən əhaliyə 10,14 milyon m3 təbii qaz satılaraq 1,44 milyon manat vəsait toplanmışdır. Əhali üzrə plana 95.5% əməl olunmuşdir. 12 ay ərzində 303 yeni əhali abonentinə və 3 qeyri-əhali üzrə abonentə təbii qaz verilmişdir.
Oğuz rayon Sukanal idarəsi şəhərdə 6867 əhali 305 qeyri əhali abonentinə cəmi 7172 abonentə xidmət göstərir.Xidmət göstərilən abonentlərin 5652 əhali 295 qeyri əhali abonentinə cəmi 5947 abonent sayğaclaşdırılmışdır.
2018-ci il ərzində əhali abonentlərinə 327,qeyri əhali abonentlərinə isə 5 içməli su sayğacı quraşdırılmışdır.
İdarə 2018-ci ildə rayon əhalisinə 803,4 min m3, idarə və müəssisələrə 51,3 min m3 cəmi 854,7 min m3 içməli su verilmişdir. Bununla bərabər idarə əhaliyə 211,0 min m3, idarə və müəssisələrə 146,8 min m3, cəmi 357,8 min m3 çirkab su xidməti göstərmişdir. 01 yanvar 2019-ci il tarixə verilmiş suyun haqqının yığılması üzrə proqnoza 92.4 % əməl olunmuşdur.
Ev təsərrüfatlarının 73,5%-i qaz, 40,5%-i su xətlərinə qoşulmuşdur. Rayonun 8 yaşayış məntəqəsinin qazlaşmaya, Malıx, Yaqublu, Top, Dəymədərə, Yenikənd, Zərrab kəndlərinin içməli su problemi qalmışdır.
Rayon ərazisində SİP kabelləşmə işinin sürətləndirilmsi. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə tərəfimizdən müraciət olunub.
Təhsil, səhiyyə, mədəniyyət, turizm, idman, ekologiya sahələri
Yüksək intellektə malik insan kapitalının formalaşması, dayanıqlı, sabit və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Azərbaycan təhsilinin tərkib hissəsi olan Oğuz təhsili də son illər, demək olar ki, bütün əsas göstəricilər üzrə ölkə təhsilinin inkişafında ön sıralardadır.
Bu günlərdə şəhər 3№-li məktəb-liseyin direktor müavini İmarət Aşurovanın “Tərəqqi” medalı ilə, üç müəllimin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2 müəllimin Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmaları, ötən dövr ərzində fənn olimpiadalarının respublika mərhələsində 6 məktəblimizin qalib gəlməsi, iki məzunun qızıl medalla təltif olunması əldə edilən ən böyük nailiyyətlərdəndir.
2005-2018-ci illərdə rayonda 3760 yerlik 20 yeni məktəb binası, həmçinin Yemişənli, Qarabaldır kəndlərinin hər birində 8 otaqlı və Xalxalqışlaq kəndində 4 otaqlı modul tipli yeni tədris binaları, Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası istifadəyə verilmiş, şəhər 1 və 2 nömrəli, Çaldaş kənd tam orta məktəbləri, Kərimli, Padar, Yenikənd körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuşdur. Padar kənd tam orta məktəbində bərpa-gücləndirmə və əsaslı işləri davam etdirilir. Yaxın günlərdə rayonun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində modul tipli yeni məktəblərin inşasına başlanılmışdır, həmçinin Oğuz şəhərində yeni tikilən körpələr evi evi-uşaq bağçalarında son tamamlama işləri aparılır. Cari dərs ilində rayonun Bayan, Kərimli, Tərkeş kənd tam orta məktəblərində təmir işləri aparılmışdır.
Son iki il ərzində rayonun ümumtəhsil məktəblərinə respublika Təhsil Nazirliyi xətti ilə 7 kompyuter, 82 noutbuk, 13 elektron lövhə verilmişdir. Rayon Təhsil Şöbəsinə sürətli internet xətti çəkilmişdir. Bu gün təhsil müəssisələrimizdə mövcud olan 330 ədəd kompyuter, 140 ədəd noutbuk, 11 ədəd elektron lövhə və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. Rayon
2018-ci ildə respublikanın ali məktəblərinə 195 nəfər Oğuzlu gənc daxil olmuşdur ki, onların da 176 nəfəri 2018-ci ilin məzunudur. Məzunlardan 10 nəfəri 600-dən çox bal toplamışdır. Qəbul imtahanlarında məzunların ali məktəb səviyyəsinə çatdırılması keçən illə müqayisədə 2,7 faiz artaraq 39,3 faizə çatmışdır.
Respublikanın ali məktəblərinə qəbul planlarında ödənişsiz ixtisaslar 20 faizdən də az yer tutsa da, bu il tələbə adını qazanan abituriyentlərimizin 47,8 faizinin ödənişsiz ixtisaslara daxil olmaq imkanı əldə etməsi, həmçinin onların 94,4 faizinin dövlət ali məktəblərinə üstünlük verməsi gənclərin peşəyönümünə daha məsuliyyətlə yanaşdıqlarını əks etdirir.
Xaçmaz kənd 1 №-li tam orta məktəbinin əsaslı təmirə, 1992-ci ildə akt zalının, idman zalının və yeməkxananın tikintisi başa çatdırılmadan yarımçıq istifadəyə verilən Kərimli kənd tam orta məktəbinin əsaslı təmir və bərpa-gücləndirmə tədbirlərinə ciddi ehtiyacı vardır.
2018-ci il ərzində Təcili yardım şöbəsi tərəfindən 1960 çağırış qeydə alınmışdır. Ambulator yardım və çağırış zamanı 2323 nəfərə tibbi yardın göstərilmişdir.
2018-ci il ərzində Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində 360 cərrahi əməliyyat aparılmışdır. Bunlardan 218-i planlı, 142-i isə təxirə salınmaz əməliyyat olmuşdur.
Rayonun doğuşayardım müəssisələrində 2018-ci ərzində 565 doğuş qəbul edilmişdir. 2 ölü doğuş halı qeydə alınmışdır.
2018-ci il ərzində Dövlət proqramında nəzərdə tutulmuş yaş qruplarına görə qeydiyyatda olan uşaq kontingentinin Elektron sağlamlıq kartı ilə təminatı üçün aparılan işlər davam etdirilmişdir. Belə ki, 2006-2018 –ci il təvəllüdlü uşaqların kartla təminatı işi süətləndirilmiş, görülən müvafiq tədbirlər nəticəsində bu göstərici 92% təşkil edir. Uşaqların kartla təminatı ciddi nəzarət altında davam etdirilməkdədir.
2018-ci il ərzində çarpayı fondu 106 olmaqla stasionarlarda 2036 xəstə müalicə almışdır. 27821 çarpayı günü keçirilmişdir. Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən stasionarda müalicə alan xəstələr 120 sayda dərman preparatları, 25 sayda tibbi ləvazimatlar və köməkçi materiallarla təmin olunurlar.
Əhalinin sağlamlığının qorunması məqsədi ilə təstiq olunmuş Dövlət proqramı ilə əlaqədar tədbirlər planı çərçivəsində 2018-ci il ərzində də Şəkərli diabet, Xroniki böyrək çatmamazlığı, Vərəm, Onkoloji, Talassemiya, Hemofiliya kimi xəstəliklərin aşkarlanması, qeydiyyatı və müalicəsi işinə diqqət artırılmışdır.
AR Prezidentinin tapşırığına əsasən Fevral ayının 12–dən Fevral –Mart –Aprel ayları ərzində rayonda 17 yaşdan yuxarı əhalinin dispanserizasiyasına həyata keçirilmişdir. Ümumilikdə 31582 nəfər müayinədən keçmişdir ki, bu da nəzərdə tutulmuş müraciətlərin 95,5 % təşkil etmişdir. Müayinələr zamanı 930 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 231 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. 82 nəfər müayinə və müalicə məqsədi ilə Bakı şəhərinə göndərilmişdir.
Göstərilən uğurlarla, görülən işlərlə yanaşı bir sıra problemlər də mövcuddur Belə ki, on minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının binasının əsaslı təmiri yarımçıq qalmışdır.
Kənd əhalisinə tibbi xidmət göstərən əksər tibb məntəqələrinin –Qumlaq , Zərrab, Bayan, Yaqublu, Bucaq, Muxas tibb məntəqələri istisna olmaqla əsaslı təmirə ehtiyacı vardır. Həmçinin demək olar ki , əksər tibb məntəqələrində elektrik, istilik və su problemləri mövcuddur. Malıx və Daşüz yaşayış məntəqələrində tibb məntəqələrinin tikintisi vacib məsələlərdəndir. Rayon üzrə 31 ştat həkimə ehtiyac vardır.
Hazırda Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz nümayəndəliyində 48 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi və onun 20 filialı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 23 filialı, Tarix Diyarşunaslıq muzeyi, H.Əliyev Mərkəzi və Uşaq Musiqi məktəbi.Bu müəssisələrdə 205 nəfər işçi çalışır.
Rayonun mədəniyyət müəssisələri tərəfindən 2018–ci il ərzində əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Oğuz artıq Respublikamızda turizm bölgəsi kimi tanınmaqdadır. Yay mövsümündə Oğuzda 35 turizm və ailəvi istirahət mərkəzləri fəaliyyət göstərmişdir. Hazırda Oğuzda 10-na yaxın otel vardır. Hesabat ilində yeni turizm obyektləri tikilib istifadəyə verilmişdir.
2018-ci ildə Oğuz təxminən 18200 nəfər turist gəlmişdir. Bu turistlərin təxminən 5000 nəfəri xarici vətəndaşlar olmuşdur
Oğuz Rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ərzində idarənin illik və ayrı-ayrı sahələr üzrə konkret iş planları əsasında uşaq, yeniyetmə və gənclərin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı məsələləri istiqamətində fəaliyyət göstərmişdir.
Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci il ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 112 (yüz on iki) tədbir həyata keçirilmişdir.
Rayondan kənarda 2018-ci il ərzində gənclər sahəsi üzrə respublikamızın müxtəlif rayon və şəhərlərində keçirilmiş tədbirlərdə rayonumuz 194 nümayəndə ilə təmsil olunmuşdur.
Oğuz Rayon Gənclər və İdman İdarəsi,Rayon Təhsil Şöbəsi, Mədəniyyət şöbələri, Hərbi Komisarlıq, Hüquq mühafizə orqanları, yerli icra nümayəndəlikləri, Yeni Azərbaycan Partiyası, bələdiyyələr, idarə və təşkilatlar gənclər təşkilatları ilə fəaliyyətə üstünlük vermişdir.
İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət
2018-ci il siyasi hadisələrlə zəngin olmuşdur. Aprel ayının 11-də Azərbaycan xalqı Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevə bir daha sədaqətini nümayiş etdirdi. Növbəti 7 il üçün İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
May ayının 10-da Azərbaycan xalqı Dövlətimizin memarı, müstəqilliyimizin banisi, ən böyük Azərbaycanlı, Ümimmili lider Heydər Əliyevin 95 illik yubleyini böyük ruh yüksəkliyi ilə qeyd etdi.
May ayının 28-də xalqımız Şərqdə ilk demokratik respublika, bu gün də qürur hissi ilə yad etdiyimiz. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyini təntənəli şəkildə qeyd etdi.
İyun ayının 26-da xalqımız müstəqilliyimizin qarantı, varlığı ilə qürur duyduğumuz Azərbaycan ordusunun 100 illik yubleyini təntənəli şəkildə qeyd etdi.
2018-ci ildə “Oğuz yurdu” qəzeti redaksiyası tərəfindən xeyli iş görülmüşdür. İl ərzində hər ay 2 nömrə olmaqla qəzetin cəmi 24 nömrəsi buraxılmışdır.
Qəzetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən görülən işlərdən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından (2014-2018-ci illər) irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində rayonda həyata keçirilən quruculuq tədbirlərindən, aparılan abadlıq işlərindən, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün rayonda qarşıda duran vəzifələrdən, həyata keçirilən tədbirlərdən, görülməsi vacib olan işlərdən , rayonda baş verən yeniliklərdən, mövcud nöqsan və problemlərdən ətraflı bəhs olunmuşdur.
Qəzetdə vətənpərvərlik mövzusunda və gənclərin hərbi xidmətə yola salınması ilə əlaqədar yazıların verilməsinə də diqqətlə yanaşılır. İl ərzində qəzetin səhifələrində bir sıra tənqidi yazılar da verilmişdir.
Bələdiyyə orqanları ilə işin təşkili
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə etdikdən sonra onun strateji məqsədlərindən biri də hüquqi dövlət qurulması və vətəndaş cəmiyyətinin yaranması idi.
Hesabat dövründə 1-şəhər, 14-kənd Bələdiyyələrin Milli Assosiasiyaları ilə birlikdə qarşılıqlı səmərəli fəaliyyətlərinin qurulmasına nail olmuş, Assosiasiyanın irəli sürdüyü “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində konkret layihələrin gerçəkləşməsini təmin etmişlər.
2018-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 468 min manat olmuşdur. Bu, keçən ilə nisbətən 6,2 % çoxdur. Gəlirlərinin 102,6 min manatı vergilər hesabına əldə edilmişdir.
Bələdiyyə büdcəsinin gəlirləri bələdiyyə xərclərinə öz təsirini göstərir. 2018-ci ildə bələdiyyələrin xərcləri 463 min manat olmuşdur. Xərclərin 396,4 min manatı (85,6 %) bələdiyyə özünüidarəetmə orqanlarının saxlanmasına olmuşdur.
Bələdiyyələrdə işləyənlərin orta sayı 77 nəfər, hesablanmış əmək haqqı fondu 187,5 min manat, hər işçinin orta aylıq əmək haqqı 203,6 manat olmuşdur. Bu, keçən ilə nisbətən 11,6 manat (6,0 %) çoxdur.
Bələdiyyələr yerli vergilərin tam həcmdə toplanmasına nail olmalı, mülkiyyətlərində olan 944,7 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi qanunvericiliyə uyğun olaraq istifadə edilməli, əldə olunan gəlir yerli problemlərin həllinə sərf olunmalıdır.
Vətəndaşların müraciətlərinə baxılması
və onların qəbulunun təşkili
2018-ci il ərzində Oğuz RİH-nə 606 müraciət daxil olmuşdur. Onlardan 546-ı (90,1%) ərizə, 1-i(0,2%) təklif və 59-u(9,7%) şikayət olmuşdur. Daxil olan müraciətlərin 63-nə(10,4%) nəzarət qaydasında baxılıb. 2018-ci ildə 58 kollektiv, 48 təkrar müraciət olmuşdur.
Daxil olan müraciətlərin 156-ıAR Prezidentinin Administrasiyasından, 11-i AR Milli Məclisindən, 20-i AR Nazirlər Kabinetindən, 38-i Respublikanın mərkəzi təşkilatlarından, 381-i birbaşa vətəndaşlardan olmuşdur.
Müraciətləri 258-i müsbət həll olunub, 10-u qismən həll olunub, 3-ü rədd edilib(əsassız sayılıb), 287-nə müvafiq izahat verilib, 9-nun icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub, 31-i aidiyyəti üzrə göndərilib, 8-i baxılmamış saxlanılıb.
2018-ci ildə Oğuz RİH başçısının 101 qəbulu olmuş, vətəndaşlar tərəfindən 477 müraciət olmuşdur. O cümlədən RİHB-nın 50 səyyar qəbulu olmuş, 194 müraciət olmuşdur. Qəbullarda 5302 nəfər iştirak edib. RİHB-nın ümumi qəbullarında qaldırılan məsələlərin 254-ü müsbət həll olunub, 96-ı qismən həll olunub, 112-i ilə bağlı müvafiq izahat verilib, 15-nin həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib.
Ümumiyyətlə RİHB Aparatının şöbələrində 2018-ci ildə 1141 nəfər, tabe qurumlarda 1362 nəfər vətəndaş qəbul edilib.
Bundan əlavə Azərbaycan Respublikası Prezidenti Administrasıyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab S.İsmayılovun “Azərbaycan” qəzetinin 2018-ci ilin 13-14 fevral nömrələrində çap olunmuş “Prezident İlham Əliyrvin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir” adlı təhlili məruzəsini İşimizdə rəhbər tutulub.
Hörmətli iclas iştirakçıları!
Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2018-ci il ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim.
RİH başçısının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında, rayon fəalları, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri ilə birgə keçirilən tədbirlərdə 2018-ci ildə görülmüş işlər, rayonda aparılmış yenidənqurma tədbirləri, mövcud nöqsanlar, problemlər, onları doğuran səbəblər geniş şəkildə təhlil olunmuş, nöqsan və problemlərin aradan qaldırılması üçün ciddi tədbir görülmüşdür.
2019-ci ildə görəcəyimiz işlərdə Azərbaycan Respublikası Prezidentinin ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır.
Sahibkarlığın inkişafına dəstək verilməlidir. Sahibkarlara kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır. İstehsal ( xırda emal sexləri) sahələrinin yaradılmasına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqəti artırmalı.
-- Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq.
-- Rayonda Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlardan səmərəli istifadə olunmalıdır.
--Rayonda baramaçılığın inkişafı, tut bağlarının salınması işini surətləndirməsi, barama istehsalının iki qat artırılmasına nail olmaq;
-- Rayonda fındıqçılığın inkişafı, yeni fındıq bağlarının salınması işini surətləndirməsi, yeni fındıq bağlarının 2000 hektara çatdırmaq, məhsul istehsalının artırılması;
-- Rayonda ənənəvi sahə olan Tütünçülüyün inkişafı ilə bağlı tədbirlər həyata keçirmək, tütün əkin sahələrinin 250 hektara çatdırılması, məhsul istehsalını iki qat artırmaq;
-- Rayonda Üzümçülüklə bağlı tədbirlər görmək, mövcud bağlara aqrotexniki xidmətin keyfiyyətini artırmaq, yeni üzümlüklərin salınması ilə bağlı əhali arasında təbliğatı gücləndirmək;
-- Rayonda heyvandarlığın inkişafı ilə bağlı tədbirlər görmək, ətlik və südlük istiqamətində heyvandarlığın inkişafına xüsusi diqqət verməliyik;
--Rayonda səmərəsiz istifadə olunan örüş torpaqlarının müəyyənləşdirilməsi, onların təyinatı dəyişdirilməsi və findiq, üzüm, tut bağlarının salınmasında istifadə olunması işinin təşkili;
-- Rayonda Qazlaşdırılmayan 8 yaşayış məntəqəsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;
-- Rayonda qəzalı vəziyyətdə olan 2 məktəb binası ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;
-- 2018-ci ili Azərbaycanda “Nəsimi” elan edilməsi ilə bağlı müvafiq tədbirlər planının hazırlanması;
-- Rayonda turizm sektorunun inkişafı üçün investorların cəlb edilməsi il bağlı tədbirlər görülməlidir.
-- Rayonda ağacəkmə daimi proses olmalıdır.
Mən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan geniş quruculuq işləri 2019-cu ildə də davam etdiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixdə keçirilən “Nazirlər Kabinetinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasındakı və 29 yanvar 2019-cu il tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının beşinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş və yekun nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır.