Oğuzda cari ilin birinci yarısının yekunları müzakirə olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər Oğuz Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında geniş müzakirə olunmuşdur.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr barədə danışmışdır.
İcra hakimiyyəti başçısının müavini Etibar Yusubovun 2011-ci ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, cari ilin birinci yarısında rayonda 1 milyon 287 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 703 min manat və ya 2,2 dəfə çoxdur. Ötən müddətdə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 19 faiz artaraq 21 milyon 728 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 10,4 faiz artaraq 3 milyon 714 min manat olmuşdur. İlin birinci yarısında rayonda 118-i daimi olmaqla, 136 yeni iş yeri açılmışdır.
Hesabat dövründə şəhər və kəndlərdə vətəndaşlar tərəfindən 40-dək fərdi yaşayış evi, habelə sahibkarlıq və xidmət obyektlərinin tikintisi işləri aparılmışdır. Oğuz-Qəbələ magistral avtomobil yolunun tikintisinə başlanılmış və hazırda işlər cədvələ uyğun davam etdirilir. Oğuz şəhərində təməli 2007-ci ildə qoyulmuş yeni istirahət parkının tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların, habelə Calut kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Hesabat dövründə rayonun şəhər və kəndlərinin içməli su ilə təminatı sahəsində xeyli iş görülmüş, Oğuz şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulmasına, uzunluğu 29 kilometr olan Balaşum- Böyük Söyüdlü su kəmərində əsaslı təmir işlərinə başlanılmışdır. Regionların 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq Bucaq kəndinin qazlaşdırılması işi əsasən başa çatdırılmışdır.
Aqrar sahədə görülən işlərə toxunan natiq rayonda taxıl biçininin optimal müddətdə başa çatdırıldığını, sahələrdən 19,8 min tondan artıq buğda və 11,1 min ton arpa yığıldığını, 865 hektar sahədə yazlıq bitkilərin səpildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu müddət ərzində rayonda 1382 ton ət, 7838 ton süd, 1 milyon 242 min ədəd yumurta istehsal olunmuşdur.
Məruzədə və çıxışlarda həmçinin əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilmiş, yol verilmiş nöqsanlar qeyd olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur.