Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonu - tolerant mühiti ilə multikulturalizm simvoludur

06 aprel 2016 | 16:00

06 aprel 2016-cı il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə  Oğuz rayon Mədəniyyət Mərkəzində “Oğuz rayonu - tolerant mühiti ilə multikulturalizm simvoludur” adlı geniş tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndələri, Heydər Əliyev Mərkəzinin, Rayon tarix-diyarşünaslıq muzeyinin,  Mərkəzi Kitabxanananın, “Oğuz yurdu” qəzetinin, Oğuzda yaşayan azsaylı xalqların nümayəndələri iştirak edirdi. Tədbirdə Oğuz rayonunda yaşayan azsaylı xalqların tarixi, mədəniyyət və məişət həyatının əks olunduğu sərgi təşkil edilmişdi.
Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdı. Erməni işğalçıları tərəfindən atəşkəsin pozulması nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
M.Abbasova qeyd etdi ki, Müstəqil Azərbaycan dövlətinin multikultural dəyərlərə söykənən mədəni nailiyyətləri xalqımızın uzun illər yaşatdığı, nəsillərdən-nəsillərə ötürdüyü  milli-mənəvi dəyərlərin əsasında formalaşmaqdadır. Təsadüfi deyil ki, cənab prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu təşəbbüs bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, insana məhəbbət kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə mesajdır. Cənab Prezidentin sözləri ilə desək, Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir.
Daha sonra multikulturalizm termininin mahiyyəti və Azərbaycanda multikultural dəyərlərin inkişafı barədə çıxış etmək üçün söz Mərkəzin bələdçisi Şəbnəm Əlibəyliyə verildi. Məruzəçi qeyd etdi ki, multikulturalizmin nəzəri əsasını azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərlər təşkil edir. Bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar.  Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir.
“Tolerant mühiti ilə seçilən Oğuz dini və  milli dözümlükdə nümunəvi bölgədir. Burada bir çox etnik qruplar və azsaylı xalqlar  məskunlaşmışdır.  Oğuz ərazisində azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, udinlər, kürdlər, ruslar, avarlar, mesxeti türkləri və s. xalqlar, etnik qruplar yaşayırlar. Hazırda  Oğuz rayonunda dövlət qeydiyyatından keçmiş 10 dini icma fəaliyyət göstərir. Bunlardan  8-i  müsəlman icması, 1- yəhudi, 1-i isə udin icmasıdır.” Bu fikirləri tədbirdə iştirak edən, Oğuz Təhsil şöbəsinin aparıcı məsləhətçisi, tarixçi Rəşid Nurməmmədov səsləndirdi.
Daha sonra Oğuzda yaşayan azsaylı xalqlardan ləzgilər, udinlər, yəhudilər, ahiska türkləri, ruslar haqqında video çarxlar göstərildi, ardıcıl olaraq məlumatlar verildi. Tədbirdə iştirak edən Oğuzda yaşayan  ləzgi, udin, yəhudi, ahiska türkləri, rus xalqlarının  nümayəndələri Rafiq Liviyev, Aleksandr Kumsiyev, Vəsilə Əhmədova,  Aleksandr Vasilkov öz çıxışlarında Azərbaycanda rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını və işlədiklərini bildirdilər,  Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini,  Müstəqil Azərbaycanın inkişafı yolunda  daim Azərbaycan xalqı ilə birgə olduqlarını diqqətə çatdırdılar. 
Tədbirin sonunda Oğuz rayon İcra Hakimiyyətinin məlsul nümayəndəsi Ayaz Ağayev  çıxış edərək bu gün əsas milli ideologiyamız olan  Azərbaycançılıq prinsipinin Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin “Azərbaycan onun ərazisində yaşayan  bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da- bütövlükdə hamısı azərbaycanlıdır.” kimi fikirlərini diqqətə çatdırdı.
Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova çıxış edərək  tədbirin əhəmiyyətindən danışdı.
Sonda Oğuz rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvü Mirməhəmməd Malıyevin ifasında “Yaşa Azərbaycan” mahnısı səsləndirildi.
Tədbir iştirakçılarına Oğuz rayon Heydər Əliyev Mərkəzinin hazırladığı bukletlər paylandı.

Keçidlər