Oğuzun daha bir kəndində təbii qaz verildi
Novruz bayramı ərəfəsində Oğuz rayonunun Böyük Söyüdlü kəndinə ilk dəfə təbii qaz verilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Oğuz rayon icra hakimiyyətinin aparatı, “Azəriqaz” İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbir zamanı ilk olaraq çıxış edən Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib. Çıxışlar zamanı qeyd olunub ki, rayonun 34 yaşayış məntəqəsindən artıq 18-i qazlaşdırılıb. Hazırda rayonun Qarabulaq, Xaçmaz, Tərkeş, Xaçmazqışlaq kəndlərində bu istiqamətdə ardıcıl işlər aparılır. Məlumat verilib ki, rayon mərkəzindən 50 km ucqarda yerləşən, 271 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10191 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11439 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Daha sonra tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev novruz bayramı və kəndə qaz verilməsi münasibətilə sakinləri təbrik edib.SOCAR prezidenti son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.