1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
Oğuz rayonunda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin konfrans zalında davam etdirilib.
Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bu peşə bayramının təsis edilməsi dövlət başçısının aqrar sahədə çalışanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Çıxış zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr diqqətə çatdırılıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanın kənd təsərrüfatı sahəsi sürətli və dinamik inkişaf yolundadır. Bu inkişaf Oğuz rayonunda da özünü aydın şəkildə göstərir. Tütünçülük və baramaçılıq sahələrində son illər əldə olunan uğurlar, müxtəlif növ meyvə bağlarının salınması, toxumçuluğun inkişafı və digər göstəricilər aqrar sahənin davamlı inkişafından xəbər verir. Bu nailiyyətlərin əldə olunmasında fermerlərin və kənd təsərrüfatı sahəsində çalışan bütün zəhmətkeşlərin birgə və əzmkarlıqla göstərdikləri fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Elşən Yunusov, Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev də çıxış edərək aqrar sahədə rayonda həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Azad Əliyev göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib.
Tədbirin sonunda kənd təsərrüfatı sahəsində uzun illər səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Oğuz Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri təqdim olunub.







