Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfransı keçirilmişdir

13 may 2020 | 16:00

  BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat sayılan və 120 dövlətin təmsil olunduğu bu hərəkata üzvlükdən qısa müddət sonra Azərbaycanın sədrlik etməsi üzv ölkələrin Azərbaycana olan etimadının və respublikamızın beynəlxalq nüfuzunun artmasından, eyni zamanda, qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsindən xəbər verir.
Ölkə Prezidenti, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunan həmin Zirvə görüşündə dövlətimizin başçısı nitqində ötən il oktyabr ayının ¬25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII zirvə görüşünün keçirildiyini, bu tədbirdə qəbul olunan Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsiplərinin öz əksini tapdığını vurğuladı. Eyni zamanda, həmin sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Həmçinin 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyi qərara alındı.
  Azərbaycan Prezidenti daha sonra dedi: “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir”.
Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərildiyini diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, COVİD-19 qlobal pandemiyası bütün dünyaya mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gəlmək olar.
    Zirvə görüşündə koronavirus xəstəliyinin sərhəd tanımayaraq, dünya boyunca yayıldığı və faciəvi nəticələrlə müşahidə olunduğu bildirildi. Eyni zamanda, belə bir mühüm tədbirin keçirilməsinin əhəmiyyətinə toxunularaq, pandemiyanın qlobal təhlükə olduğu üçün qlobal cavab da tələb etdiyi vurğulandı.
Videokonfransda COVİD-19-un yayıldığı ilk günlərdən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların bu amansız bəla qarşısında çaşqın qalmaları, özünəqapanma yolunu seçmələri Zirvə görüşünün iştirakçılarına xatırladılaraq, indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa daha ciddi ehtiyacı olduğu da xatırladıldı.
     Dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə hazırda Azərbaycan hökumətinin fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılan operativ qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli tədbirlər həyata keçirir. Respublikada epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin gerçəkləşdirilməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir, vətəndaşların rifah halının pisləşməməsi istiqamətində əməli işlər görülür.

 

Keçidlər