Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2015-ci il

2015-ci ildə Oğuz rayonunun social-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 

 

                     HESABATI

 

            2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşmüşdür. Bu, ölkəmizin  gəlirlərinə mənfi təsir göstərmişdir. Yəni, 2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə çox narahatedici və ağırdır. Bu, reallıqdır. Bizlər real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq.

            Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycan Respublikasının  Prezident keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmişdir. 15 xarici ölkənin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişdir. Ölkəmizin beynəlxalq təşkilatlardakı fəaliyyəti çox uğurlu olmuşdur.

            Lakin 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Demək olar  ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Çünki Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir.

            Azərbaycanın isə mövqeyi tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır.

            2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da, böyük nailiyyətdir.

            Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan  11,6 faiz az olub. 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 7 milyard manat və yaxud 103,0 faiz icra edilib. Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 5 milyard 752 milyon manatı yönəldilib.

            2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon

manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat çoxdur.

            2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708,0 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161,0 milyon manat sərf edilib.

            Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2015-ci il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1,9 milyard manat vəsait yönəldilib.

            Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır. Sosial infrastruktur layihələri icra edilmişdir. Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ölkənin 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilib, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilib. 60-a yaxın tibb müəssisəsi tikilib-təmir edilib.

            Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və rayonlarında əlillər və şəhid ailələri üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək onların istifadəsinə verilib.

            Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrindən bütövlükdə 378,0 milyon manat vəsait sərf olunub.

            Ölkənin müxtəlif regionlarını, kənd və qəsəbələrini birləşdirən ümumi uzunluğu 348 kilometr olan avtomobil yolları əhalinin xidmətinə verilib.

            Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 228,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.

            Sahibkarlığın inkişafı diqqət mərkəzində qalmaqdadır. 2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15 milyon manat olmuşdur.

             

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlər                                                                               .

           

  Regionların sosial-iqtisadı inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, rayonda südlük və ətlik istiqamətli cins mal-qara yetişdirilməsi, mal-qaranın süni mayalandırılması işləri davam etdirilir.

  Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülərin tikintisi davam etdirilir. Oğuz rayonu Sincan-Xaçmaz-Filfilli avtomobil   yolunun  yenidən qurulması layihəsi üzrə işlər davam etdirilmişdir.

  Rayonun elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilmişdi. Oğuz şəhərində 6 ədəd 250 kvt, kəndlərdə 13 ədəd  transformator qoyularaq quraşdırılıb. 155 ədəd yüksək gərginlikli elektrik dirəkləri yeniləri ilə əvəz edilmişdir. 23860 m SİP kabel xətti çəkilmişdir.

  Rayonun 11 kəndində 2015-ci ilin əvvəlindən  təbii qaz  xəttinin çəkilişinə başlanılmışdır. Bayan, Yemişənli, Dəymədərə və Calut kəndlərində qaz xəttinin çəkilişi və sayğac quraşdırma işləri tamamilə başa çatdırılmış və kənd sakinlərinin istifadəsinə verilmişdir. 7 kənddə qaz xəttinin çəkilişi işləri hal-hazırda davam etdirilir.

Malıx yaşayış sahəsində, Calut, Ərmənət, Xalxalqışlaq, Yaqublu və Tərkeş kəndlərində subartezian quyuları qazılmış və nasoslar qoyulmuş, transformatorlar quraşdırılmış və xəttə qoşulmuşdur. Qumlaq, Padar, Qarabaldır, Sincan və Top kəndlərində subartezian quyularının qazılması başa çatdırılıb. Xaçmaz kəndini mühafizə edən daş-beton bəndlərində təmir işləri aparılmışdır. 9 kənddə suvarma arxları lildən təmizlənmişdir. Oğuz şəhərinin qərb hissəsindən keçən Oğuz kənd arxının yuxarı hissəsində 65 metr mühafizə divarı tikilmiş, beton üzlük çəkilmişdir. Xalxalçay sistemində Ərmənət kəndinin mühafizəsi üçün beton bənd quraşdırılmışdır.

  Mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri üçün 2015-ci il  ərzində  Oğuz şəhərində 6 küçədə, 4 döngədə, 13 dalanda ümumilikdə 18400 m² sahədə asfalt-beton örtüyün salınması üzrə tikinti işləri başa çatdırılmışdır.

  Yaqublu kəndində 220 yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılıb və istifadəyə verilib.

  Padar kənd körpələr evi-uşaq bağçasının təmiri üçün sənədləşmə işləri aparılıb. Təmir işləri aparılır.

  Azərbaycan kənd investisiya layihəsi çərçivəsində:

  Sincan kəndində layihəyə əsasən uzunluğu 7850 metr olan yol təmir olunmuş, 7 ədəd su keçidi quraşdırılmışdır.

  Tərkeş kəndində layihəyə əsasən uzunluğu 6150 metr olan yol təmir olunmuş, 6  ədəd yeni su keçidi quraşdırılmışdır.

  Filfilli kəndində layihəyə əsasən 5785 metr uzunluğunda su xətti çəkilib, 1 ədəd 4 m3 həcmində su anbarı tikilib.

  Top, Zərrab kəndlərində layihəyə əsasən ümumi uzunluğu 6480 metr olan yol təmir olunub, 9 ədəd yeni su keçidi quraşdırılıb.

  Qarabulaq kəndində layihəyə əsasən ümumi uzunluğu 8250 metr olan yol təmir olunub.

  Astraxanovka kəndində layihəyə əsasən ümumi uzunluğu 7950 metr olan yol təmir olunub.

  Kərimli kəndində layihəyə əsasən körpələr evi-uşaq bağçasının inzibati binası təmir olunub (17 otaq, iki dəhliz, 2 sanitar qovşağı, həyətində abadlıq işləri aparılıb).

  Qarabaldır kəndində layihəyə əsasən ümumi uzunluğu 8870 metr olan yol təmir olunub.

  Hesabat ilində rayonda açılmış 457 yeni iş yerindən 344-ü daimi olmuş, onlardan 2-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-si mövcud müəssisə və təşkilatlarda, 340-ı fiziki şəxslərin fəaliyyəti nəticəsində, 113-ü digər tədbirlər üzrə yaradılmışdır.

  1 yanvar 2016-cı il tarixə rayonda mövcud əhalinin 23443 nəfəri əmək qabiliyyətlidir. Rayonda əhalinin 22066 nəfəri və ya 51,8 %-i iqtisadi fəal əhalidir. İqtisadi fəal əhalinin 3894 nəfəri idarə və təşkilatlarda çalışır.

  Rayon üzrə muzdla işləyən hər işçinin orta aylıq əməkhaqqı 241,7 manatdır. Dövlət müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqı 236,0 manat, qeyri-dövlət müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqı 331,4 manat olmuşdur.

  Oğuz rayonu üzrə 2015-ci ilin gəlirləri 11869364 manat, yerli gəlirləri 2970093 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya isə 8040000 manat müəyyənləşdirilmişdir. 2015-ci ilin yerli gəlirlərinin icrası 2970093 manat(100,8%) icra olunmuşdur.   2015-ci ilin xərcin icrası 10687082 manat (90,0%)olmuşdur.  Xərc maddələri hamısı kəsirlə icra olunmuşdur.

 

                        Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər

  Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.

  Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara və quşların yetişdirilməsi sahəsində işlər davam etdirilir.

  Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər hesabat dövründə də ciddi şəkildə davam etdirilmişdir.

  2002-2015-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 201 sahibkara 11,9 milyon manat, o cümlədən 2015-ci ildə 20 sahibkara 275,0 min manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 952, o cümlədən 2015-ci ildə 20 yeni iş yeri yaranmışdır.

  Oğuz  rayonunda  2015-ci  ildə  iqtisadiyyatın  əsas  sahələrində  istehsal  olunmuş  məhsul  və  xidmətlərin  ümumi  həcmi 80,3 milyon  manat  təşkil  etmişdir.

  Ümumi məhsulun həcmi  keçən ilə nisbətən müqayisəli qiymətlərlə 1,7% artmışdir.

  2015-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 15,0 milyon  manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilə nisbətən 25,5 % azdır.

  2015-ci ilin iyun ayında 4160 istehsalçıya 16873,26 hektar ərazidə əkib becərdiyi taxıl, kartof, bostan, tərəvəz, yem bitkiləri və yeni əkilmiş bağ sahələrinin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 843,7 min manat dövlət yardımı hesablanmış ödənişi təmin olunmuşdur.

  2015- ci ildə rayonda toxumçuluqla məşğul olan 7 fiziki və hüquqi şəxsə istehsal etdiyi 2061,30 ton birinci və ikinci reproduksiyalı buğda və arpa toxumuna görə dövlət büdcəsindən 160,8 min manat vəsaitin verilməsi təmin olunmuşdur.

  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 32 nömrəli Qərarının icrası ilə bağlı 2014-2015-ci təsərrüfat ilində “Aqrolizinq” ASC- nin Oğuz Aqroservis filialı tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 70 faiz güzəştlə rayona 982 ton mineral gübrələr gətirilmiş və  70 % güzəştlə 428 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına satılmışdır.

  2015-ci ilin məhsulu üçün rayon üzrə ümumi əkin sahəsi 20169 hektar olmuşdur. Bu, keçən ilə nisbətən 973 hektar (4,6 %) azdır. Əkin sahələrinin 16717 hektarı (82,9 %) payızlıq, yazlıq dənlilər və dənli paxlalılardan ibarətdir.

  2015-ci ildə rayonun taxılçıları tərəfindən 50078 ton dənli və dənli paxlalılar istehsal edilmişdir. Bu, əvvəlki ilə nisbətən 15283 ton (43,9 %) çoxdur.

  İstehsal edilmiş payızlıq taxılın 28591 tonu  (58,8 %) buğda, 20049 tonu (41,2 %) arpa məhsulu olmuşdur. Əvvəlki ilə nisbətən payızlıq buğda istehsalı 7583 ton (36,1%), arpa istehsalı 7933 ton (65,5 %) artmışdır.

Hesabat dövründə 1225 ton qarğıdalı , 3611 ton kartof, 3143 ton tərəvəz, 60 ton bostan məhsulları istehsal edilmişdir.

  2015-ci ildə 63 hektar yeni bağlar salınmışdır. Rayonda 4012 ton meyvə istehsal edilmişdir. Bu, əvvəlki ilə nisbətən 783 ton (24,2 %) çoxdur.

  31 hektar bar verən üzüm sahəsindən 50 ton məhsul yığılmışdır. Bu, əvvəlki ilə nisbətən 15 ton (23,1 %) azdır.

  Rayonun taxılçıları tərəfindən 2016-cı ilin məhsulu üçün 17095 hektar dən üçün payızlıqlar səpilmişdir. Bu, əvvəlki ilə nisbətən 745 hektar çoxdur.

  1 yanvar 2016-cı il tarixə rayonda iribuynuzlu mal-qaranın sayı 26765 baş,  qoyun və keçilərin sayı 58563 baş,  quşların sayı 125467, Arı ailələrinin sayı  276 ailə, Atların sayı  93 baş olmuşdur.

  2015-ci ildə 2622 ton ət, 16084 ton süd, 5154 min ədəd yumurta, 110 ton yun istehsal edilmişdir.

  Azərbaycan Respublikası Prezidenti 2015-ci il  3 aprel tarixli sərəncamı ilə 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etmişdir. İl ərzində respublikamızın  bölgələrində, eləcə də rayonumuzda  kənd  təsərrüfatının inkişafı sahəsində bir sıra yüksək nəticələr əldə edilmişdir. 

 Rayonumuzda 3 böyük fermer təsərrüfatı və 36 ailə -fermer təsərrüfatları  fəaliyyət göstərir. Gələcəkdə bir neçə iri təsərrüfatın yaradılması istiqamətində mühüm işlər aparılır.

   Rayonumuzda  2015-ci il kənd təsərrüfatı ili ilə əlaqədar olaraq mal-qaranın cins  tərkibinin  yaxşılaşdırılması  məqsədilə  588 baş qaramalda süni mayalandırma aparılmışdır.  Rayonumuza 

2015-ci il ərzində lizinq  yolu  ilə 48  adda kənd təsərrüfatı  texnikaları  gətirilmişdir. Ondan traktor 23 ədəd, kombayn 2 ədəd, otbiçən 1 ədəd, taxılsəpən 4 ədəd, kotan 14 ədəd, gübrəsəpən 1 ədəd, presbağlıyan 1 ədəd, lapet (yedəy)1 ədəd, yemüyüdən 1 ədəddir.   2014-cü ildə isə cəmi 7 adda kənd təsərrüfatı texnikası ( kombayn ) gətirilmişdir.

                        Əhalinin sosial müdafiəsi məsələləri

  Oğuz rayonunda əhalinin sayı 1 yanvar 2016-cı il tarixə 43052 nəfər olmuşdur. Əhalinin 21771 nəfərini (50,57 %) kişilər, 21281 nəfərini (49,43 %) qadınlar təşkil edir. Əhalinin 7246 nəfəri (16,8 %) şəhərdə, 35806 nəfəri (83,2 %) kənd yaşayış məntəqələrində yaşayır.

            2015-ci ildə 764 körpə doğulmuş, 259 nəfər ölmüşdür. Hesabat dövründə 339 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 54 vahid olmuşdur.

            2015-ci il ərzində  Oğuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayonda aztəminatlı ailələrin, əlillərin, şəhid ailələrinin, ahılların və digər imtiyazlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində xeyli iş görülmüşdür.

Oğuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövr ərzində ünvanlı dövlət sosial yardım təyin olunması ilə əlaqədar 644 ailə müraciət etmişdir. 565 ailəyə komissiyanın qərarına əsasən ünvanlı sosial yardım təyin olunmuşdur.Hər bir ailəyə təqribən 155,25 manat, hər ailə üzvünə isə 34,42  manat ünvanlı sosial yardım düşür.

  2015-ci ilin yekununa əsasən Oğuz ƏSMM-dən sosial müavinət və təqaüd alan cəmi 1989 vətəndaş olmuşdur. Aylıq ödəniş 117436 manat olmuş, hər adama orta hesabla 59,04 manat müavinət ödənilmişdir.

  Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil növbəsinin uçotu RİH Mənzil komissiyası tərəfindən aparılır. Hazırda 116 nəfər imtiyazlı şəxs mənzil növbəsinə götürülüb.

  2016-cı il yanvarın 1-i vəziyyətinə Əhalinin Sosial  Müdafiə  Fondunun Oğuz rayon şöbəsi üzrə uçotda olan 6018 nəfər pensiyaçıya xidmət olunmuşdur. Qeyd olunan dövr ərzində pensiyaların və müavinətlərin ödənilməsinə 11,6 milyon manat vəsait xərclənmişdir ki, bunun 9,4 milyon manatı mərkəzləşmiş qaydada Fond tərəfindən ödənilmiş, 2,2 milyon manatı isə yerli yığım hesabına maliyyələşdirilmişdir. Hazırda Oğuz rayonu üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 161,0 manat təşkil edir.

Oğuz Rayon Məşğulluq Mərkəzində 310 hüquqi şəxs qeydiyyatdan keçmişdir ki, onlardan da hazırda 116-sı fəaliyyət göstərir. 2015-ci hesabat ilində   745 nəfər Mərkəzə müraciət etmiş, onlardan  551 nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 338 nəfəri işlə təmin edilmişdir.   Hesabat dövründə  münasib  iş olmadığı üçün “Məşğulluq haqqında” qanuna müvafiq olaraq 22 nəfərə işsizlik statusu verilmiş, 27 nəfərə müavinət təyin edilmişdir. Müvafiq dövrə müavinətin orta aylıq məbləği 177,00 manat olmuşdur. Hazırda Mərkəzdə 01 yanvar 2016-cı il tarixə 43 nəfər işsiz statusu  almış  vətəndaş   qeydiyyatdadır.

  Oğuz rayonu ərazisində 367 ailə-1698 nəfər qaçqın, onlardan 184 ailə-780 nəfər Ermənistan Respublikasından, 183 ailə-918 nəfər Özbəkistan Respublikasından qaçqın düşərək  rayon ərazisində daimi məskunlaşmışlar. 14 icra nümayəndəliyi  ərazisində 702 ailə-2737 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Faktiki məskunlaşma 664 ailə 2489 nəfərdir.

  Məcburi köçkünlərdən 658 ailə-2409 nəfər  elektrik enerjisi, 176 ailə-754 nəfər mavi yanacaq,  457 ailə-1620 nəfər içməli su ilə təmin olunub

 Axıska türklərinin evə ehtiyacı olan ailələrinə 2015-ci il ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 28 yaşayış evi tikilərək istifadəyə verilib.

  Rayon üzrə əmtəə dövriyyəsinin həcmi 64,1 milyon manat olmuş, əvvəlki ilə nisbətən 12,2 % artmışdır.

Avtomobil nəqliyyatı ölkənin sosial-iqtisadi həyatına ciddi təsir edən, ölkənin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən iqtisadi fəaliyyət növlərindən biridir. Hesabat dövründə nəqliyyat sektorunda faktiki qiymətlərlə məhsul buraxılışının həcmi (fiziki şəxslər də nəzərə alınmaqla) 2,2 milyon manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən 4,9 % çoxdur.

  Avtomobil nəqliyyatı ilə bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4024 min sərnişin daşınmışdır. 1125 min ton yük daşınmışdır.

  Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri rabitədir. Hesabat dövründə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 429,4 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir. Xidmətlərin həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 8,8 % artmışdır. 

  2015-ci ildə ailə kəndli və ev təsərrüfatlarında 90 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 7317 kvadratmetr, yaşayış sahəsi 4971 kvadratmetr olmuşdur. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 2,9 milyon manatdır.

   Rayon ərazisində mövcud olan 4 tikinti müəssisi fəaliyyət göstərmişdir. Həmin müəssisələr tərəfindən 782,3 min manatlıq tikinti-quraşdırma işləri, Tikinti-quraşdırma işlərinin  659,7 min manatı (84,3 %) əsaslı təmir, 114,1 min manatı (14,6 %) cari təmir, 8,5 min manatı (1,1 %) sair işlərdir.

   Oğuz Mənzil İstismar və Kommunal  Təsərrüfatı İdarəsi şəhərin küçələrinin və parklarının sanitar təmizliyinə‚ yaşıllığına‚ abadlığına, işıqlanmasına, əhaliyə, kommersiya mağazalarına və büdcə təşkilatlarına  müqavilə ilə kommunal xidmətləri göstərir. Müəssisə 2015-ci  il üçün 24 idarə və təşkilatla, 165  sahibkarlıq və kommersiya obyekti, 673 fərdi təsərrüfat, ictimai yaşayış massivləri üzrə 396 olmaqla, cəmi 1234 sayda müqavilə bağlamışdır. 2015-ci il  ərzində idarə və təşkilatlara  göstərilmiş xidmət smeta məbləğinin 94,5%-i, əhaliyə göstərilmiş kommunal xidmətlər  üzrə nəzərdə tutulmuş   planın  84,5%-i icra olunub. Müəssisə ümumi sahəsi 38944 m2 olan 31 binaya xidmət  göstərir.

  2015-ci ildə 10 kv-luq və 0,4 kv-luq şəbəkələrin yenidən qurulması işlərinə start verilmişdir. Bununla əlaqədar 155 ədəd 10 kv-luq, 500 ədəd 0,4 kv-luq dəmir beton və metal dayaq yeni quraşdırılmış, Sincan kəndində 4,260 km, Bayan kəndində 2,910 km, Kərimli kəndində 4,580 km SİP kabel xətti çəkilmişdir. 120 ədəd 10/0,4 kv-luq yarımstansiyanın şiti təmir olunmuşdur.

  2015-ci ildə rayona 73,24 milyon kv/saat elektrik enerjisi verilib. Yığım 1013,2 min manat-98,16 % olub.

  Oğuz Qaz İstismarı Sahəsi tərəfindən 2015-ci il ərzində “Tədbirlər Planı”na əsasən Oğuz şəhərinin 2497 p/m yeni qaz xətləri çəkilmiş və mövcud qaz xətləri səliqəyə salınaraq dayaqlar üzərinə qaldırılmış, Şəhər ərazisində, Bucaq, Kərimli, Şirvanlı, Tayıflı, Top və Zərrab  kəndlərində 39 ədəd ŞQTM tipli  yeni qaz tənzimləyicilər və siyirtmələr quraşdırılaraq istifadəyə verilmişdir.

  2015 ci il ərzində rayonun əhali və təşkilatlarına 8,4 milyon m³ təbii qaz satılmış, plana 98,3% əməl edilmişdir.

  Oğuz Rayon Su-Kanal İdarəsi 6377 əhali, 345 qeyri-əhali abonentinə-cəmi 6722 abonentə xidmət göstərir. Xidmət göstərilən abonentlərdən 5355 abonent sayğaclaşdırılmışdır. Sayğaclaşdırılmış abonentlərdən 2053 abonentə smart kart tipli su sayğacı quraşdırılmışdır.

  İdarə 2015-ci ildə şəhər əhalisinə 795,8 min m3, idarə və müəssisələrə 72,7 min m3 içməli su verilmişdir. Bununla bərabər idarə 215,7 min m3 çirkab su xidməti göstərmişdir. 1 yanvar 2016-cı il tarixə verilmiş suyun haqqının yığılması üzrə proqnoza 92,5 % əməl olunmuşdur.

  Bu sahədə rayonda görüləcək işlər çoxdur. Oğuz şəhərinin cəmi 30 % -i SİP kabelləşib. Digər ərazilərdə elektrik transformatoru, dayaq və xətlərin əsaslı təmirinə ehtiyac vardır. Rayon üzrə cəmi 104 abonentə SMART tipli sayğac quraşdırılıb. Oğuz şəhərinin cənub və şərq hissəsində 4 ədəd 400 kva gücündə 10/04-kv-luq yarımstansiyaların tikintisinə ehtiyac vardır.

  Rayonun cəmi 35,3 %-i qazlaşdırılıb. Digər ərazilərin də qazlaşdırılması ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər olunub. Rayonun 10 kəndində içməli su problemi var. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət olunub.

  Oğuz  61  saylı  Yol  İstismarı   MMC  Oğuz  rayonunun  ərazisindən  keçən 71 km uzunluğunda Respublika Əhəmiyyətli avtomobil yollarına, 152 km  uzunluğunda yerli əhəmiyyətli  avtomobil  yollarına, uzunluğu 1020  m olan 17  ədəd  körpülərə,  su ötürücü borulara, yol nişanları və qurğularına  xidmət   edir.

  2015-ci ildə müəssisəmiz cəmi 1,0 milyon manatlıq, o cümlədən  398,2 min manatlıq təmir işləri, 603,0 min manatlıq saxlanma və cari təmir işləri yerinə  yetirilmişdir. Respublika əhəmiyyətli avtomobil yollarında 247,6, Yerli əhəmiyyətli  yollarda 753,6  min  manatlıq  iş  yerinə  yetirilmişdir.

   Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 410 ha sahədə meşə bərpa  tədbirləri, 55 ha sahədə meşə əkini aparılıb, 6200 kq toxun tədarük edilib, 1,92 ha sahədə tinglik səpilib, 25 ha sahədə meşə səpini aparılıb, 307 ha mövcud meşə əkininə xidmət göstərilib, 330  ha sahədə təbii bərpaya köməklik olunub, 82 min ədəd əkin materialı yetişdirilib,

  Hesabat dövründə təşkilatlara 530 m3, vətəndaşlara 1011 m3 odun tədarük edilərək satılıb.

  Meşələrin qanunsuz qırılmasının qarşısını almaq məqsədilə  228 ədəd akt tərtib olunmuşdur. İl ərzində işlərində ciddi nöqsanlara yol verdiklərinə görə 22 nəfər meşə gözətçisi, 1 nəfər meşəbəyi və 1 nəfər meşə əkin mühəndisi tutduqları vəzifələrindən azad olunmuşdur, 17 nəfər işçi  haqqında  isə digər intizam tədbirləri görülmüşdür.

  Rayon baytarlıq idarəsi 12 sahə baytar məntəqəsini əhatə edir. 2015-ci il ərzində epizootik plan əsasında 12001 baş iribuynuzlu heyvandan, 1471 baş ana qoyundan, 1410 baş qoçdan qan nümunəsi götürülərək bruselyoza görə yoxlanılmışdır. Iribuynuzlu və  xırdabuynuzlu heyvanlarda vərəmə qarşı,  qarayara, dabaq A,O Asiya-1, A 22 O şt.,  leptospiroz, çiçək, REV-1, nodulyar dermatit, quşlarda nyukasl “H”, “La-Sota”, xəstəliklərinə qarşı peyvəndləmələr aparılmışdır.

 

  Təhsil, səhiyyə, mədəniyyət, turizm, idman, ekologiya sahələri

   2015-2016-cı dərs ilində rayonun məktəblərində 5843 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 964 müəllim məşğul olur. 32 təhsil müəssisəsində təhsil bir dildə, 2 təhsil müəssisəsində təhsil iki dildə aparılır.

  Cari dərs ilində məktəblərin maddi-texniki bazasında irəliləyiş müşahidə olunmuşdur. Son 10 il ərzində Oğuz rayonunda 17 yeni məktəb binasının, 115 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi, 2 məktəb binasının əsaslı təmiri  təhsil sahəsində infrastruktur layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

  Bu gün təhsil müəssisələrimizdə mövcud olan 323 ədəd kompyuter, 58 ədəd noutbuk və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. 23 məktəb internet şəbəkəsinə qoşulmuş, rayon təhsil şöbəsinin rəsmi saytı fəaliyyətə başlamışdır.

  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698№-li Fərmanının 13,2-ci bəndinin icrasını təmin etmək məqsədilə  respublika üzrə 15 ərazi maliyyə-hesablaşma mərkəzinin, o cümlədən Şəki, Oğuz və Qəbələ rayonları əhatə olunmaqla Oğuz rayonunda 4 saylı ərazi maliyyə-hesablaşma mərkəzinin mərhələli şəkildə təşkili planlaşdırılmışdır.

Oğuz rayonu TQDK-nın rayonlar üzrə statistik hesabatına əsasən ümumi orta təhsil səviyyəsi üzrə kənd rayonları arasında üçüncü və tam orta təhsil səviyyəsi üzrə isə kənd rayonları arasında 13-cü yeri tutmuşdur.

   2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin 195 məzunu tələbə adını qazanmış, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanların sayı 41 nəfər, o cümlədən 600-dən yuxarı bal toplayanların sayı 8 nəfər olmuşdur. Müqayisə üçün bildiririk ki, 2014-cü ildə tələbə adını qazananların sayı 177 nəfər, 500-dən yuxarı bal toplayanların sayı 29 nəfər olmuşdur.

  2015-ci ildə “Ən yaxşı məktəb” müsabiqəsində şəhər 2№-li tam orta məktəbin,  şəhər 1№-li tam orta məktəbin kimya müəllimi İradə Eldarovanın “İlin müəllimi” müsabiqəsinin qalibi olması, həmin məktəbin biologiya müəllimi Hürubət İsayevanın “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, rus dili və ədəbiyyatı müəllimi Nüşabə Hacıyevanın və fizika müəllimi Xanbala Manafovun Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmaları, Respublika Elektron Təhsil Müsabiqəsinin 14 qalibi arasında şəhər 3№-li tam orta məktəbin tarix müəllimi Mətanət Kərimovanın II yeri tutması və müsabiqədə fərqləndirilən 18 müəllim arasında Yaqublu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi V. Heydərovanın da olması, respublika fənn olimpiadalarının bürünc mükafatçısı, şəhər 3№-li məktəb-liseyin məzunu Aqşin Əliyevin qızıl medalla təltif olunması əldə edilən ən böyük nailiyyətlərimizdir.

 Oğuz tibb müəssisələri təxminən 43 min rayon əhalisinə səhiyyə xidməti göstərir. Rayon tibb müəssisələrində  69 həkim,  249  orta tibb işçisi və  230 -a  yaxın sair işçilər fəaliyyət göstərirlər. 

2015-ci il ərzində rayonun ambulator-poliklinika müəssisələrinə 243862 müraciət olunmuşdur. Təcili yardım şöbəsi tərəfindən 1601 çağırış qeydə alınmış. Stasionarlarda 1736 xəstə müalicə almışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon ərazisində qeydiyyatda olan 17 yaşdan yuxarı 31002 nəfər əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə 11 nəfərdən ibarət komissiya yaradılmışdır. Tibbi müayinənin aparılması məqsədilə rayon mərkəzi xəstəxanasında 31 həkim müəyyənləşdirilmiş, iki səyyar briqada təşkil olunmuşdur. 2016-cı ildə də bu işin davam etdirilməsi nəzərdə tutulur.

  Göstərilən uğurlarla, görülən işlərlə yanaşı bir sıra problemlər də mövcuddur Belə ki, on minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının  binasının əsaslı təmiri yarımçıq qalmışdır.

  Kənd əhalisinə tibbi xidmət göstərən əksər tibb məntəqələrinin-Qumlaq, Zərrab, Bayan, Yaqublu, Bucaq tibb məntəqələri istisna olmaqla əsaslı təmirə ehtiyacı vardır. Malıx və Daşüz yaşayış məntəqələrində tibb məntəqələrinin tikintisi vacib məsələlərdəndir. Rayon üzrə 26 ştat həkimə ehtiyac vardır.

  Oğuz GEM tərəfindən 2015-ci ildə rayon ərazisində epidemioloji xidmət işinin yaxşılaşdırılmasına səy göstərilmişdir.

  2015-ci ildə 229 kommunal  obyekt, 63 uşaq və yeniyetmə müəssisəsi, 193 yeyinti müəssisəsi, 28 sənaye müəssisəsi cari sanitar nəzarətinə götürülmüşdür. Bu obyektlərdə 566 sanitar müayinə aparılmışdır.

  Sanitar obyektlərdə 6264 sanitar bakterioloji müayinə aparılmışdır.

  18 mərkəzləşmiş, 58  mərkəzləşməmiş su mənbəyinə cari sanitar nəzarəti həyata keçirilib.

  2015-ci ildə 11 kəskin bağırsaq infeksiyası, 10 hepatit, 21 vərəm, 1 qoturluq, 2786 yuxarı tənəffüs yollarının infeksiyası qeydə alınmışdır.

 Rayon mədəniyyət və turizm  şöbəsi 2015-ci ildə  əhaliyə göstərilən mədəni xidmətin səviyyəsini yüksəltmək üçün xeyli işlər  görmüşdür.       

  Dövlət bayramlarının qeyd olunması münasibəti ilə qabaqcıl gənclərlə və ziyalı qadınlarla görüşlər təşkil edilmişdir.

  Hazırda rayonun klub müəssisələrində Mədəniyyət və Turizm Nazirliyin 29. 04. 2015-ci il tarixli 217 saylı əmrinə uyğun olaraq islahatlar aparılır. Nazirliyin müvafiq əmrinə əsasən Oğuz rayon mədəniyyət evi,  mədəniyyət mərkəzi, 9 klub müəssisəsi isə müvafiq olaraq folklor, diyarşünaslıq və sənətkarlıq klubları adlandırılmışdır.

  Oğuz   Rayon   Mərkəzləşdirilmiş Kitabxana Sistemində  171525    nüsxə    kitab     vardır. 2015-ci ildə  MKS-yə 1333 nüsxə kitab daxil olmuşdur. Hesabat ilində  informasiya texnologiyalarının tətbiqi, eləcə də kitab təbliği məqsədi ilə  Oğuz rayon MKS-də xeyli işlər görülmüşdür. Hazırda kitabxanada ALİSA proqramının tətbiqinə başlanılmış və elektron kitabxana yaradılmışdır.

   Oğuz son illər respublikamızda turizm bölgəsi kimi  tanınmaqdadır. Rayonumuz günbəgün gözəlləşir və inkişaf edir. Hazırda  rayonumuzda 5 otel, 4 turizm istirahət mərkəzi, 20-dən çox  ailəvi   istirahət mərkəzi fəaliyyət göstərir. Keçən il Oğuza 14000-ə yaxın turist gəlmişdir.  Bunlardan 520 nəfəri xarici ölkə vətəndaşları olmuşdur.   

  Oğuz Rayon Gənclər və İdman İdarəsi il ərzində uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik, hüquqi, mənəvi, dini, estetik tərbiyəsi və təhsili, sosial müdafiəsi, fiziki inkişafı məsələlərini əhatə edən ümumi və ayrı-ayrı sahələr üzrə konkret iş planları hazırlayaraq bu planlar əsasında fəaliyyət göstərmişdir.

  Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2015-ci il  ərzində gənclərlə iş və idman sahəsi üzrə 73  tədbir həyata keçirmiş və bu tədbirlərdə 6179 nəfərə yaxın uşaq, yeniyetmə və gənc iştirak etmişdir.

 Oğuz rayonunda uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzi seçməsi məqsədi ilə idman obyektlərinə cəlb olunaraq idman növləri üzrə məşqlər etməsi üçün yaxşı şərait yaradılmışdır.  Belə ki, Oğuz Olimpiya İdman Kompleksində sərbəst  güləş, sambo, cüdo, stolüstü tennis, atletika, üzgüçülük, futbol , voleybol  və velosiped qrupları fəaliyyət göstərir. Rayon ərazisində dövlətin idman siyasətini yerinə yetirmək məqsədi ilə gənclər arasında mütəmadi olaraq maarifləndirmə işi aparılır, onlar zərərli vərdişlərdən çəkindirilərək idman obyektlərinə cəlb edilir və idman bölmələrində məşqləri təşkil olunur.

  Oğuz rayon ərazisində təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində bir çox işlər görülür. Şəhər ərazisində, kənd ərazilərində, magistral yolların kənarlarında, parklarda ağaclar əkilir, təmizik, səliqə-sahman işləri aparılır. “İDEA” İB-nin təşəbbüsü ilə 2015-ci ilin mart-aprel və oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində  ümumilikdə 10300 ədəd ağac əkilmişdir. Bu tədbirlərin 2016- cı ildə də  keçirilməsi nəzərdə tutulub.

 

                            İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məruzə və nitqlərindən irəli gələn vəzifələrin operativ şəkildə əhaliyə çatdırılması məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Oğuz RİH-nin nəzdində təşviqat qrupu yaradılmışdır. Qrup sədri və qrup üzvləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin məruzə və nitqlərindən irəli gələn vəzifələri, sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətləri və həyata keçirilən geniş miqyaslı tədbirləri hər həftə operativ şəkildə əhaliyə çatdırmaq məqsədi ilə rayonun idarə, təşkilat və müəssisələrində görüşlər keçirir, hazırlanmış tezisləri dinləyicilərin nəzərinə çatdırırlar və bu sahədə fəaliyyət daha da genişlənir.

Rayonda  10  siyasi  partiyanın  rayon şöbələri,  9  qeyri-hökümət  təşkilatı fəaliyyət  göstərir.   Onların  fəaliyyəti  daim  nəzarətdə  saxlanılır  və  onlara  köməklik  göstərilir.  Onların  fəaliyyəti  əsasən  maarifçilik,  sosial  sahədə  layihələrin  həyata  keçirilməsi,  müxtəlif  zümrələrdən  olan  vətəndaşların  hüquqların  müdafiəsi  və  problemlərinin  həllinə  yardım  göstərilməsi  ilə  bağlıdır.

Rayonda  10  dini  icma  fəaliyyət  göstərir.  Onların  fəaliyyəti  daim  nəzarətdə  saxlanılır.  Dövlət Komitəsinin  tövsiyəsi ilə  icra  hakimiyyəti  başçısı  yanında yaradılmış  dini  işlər  üzrə  komissiya  iş  planına  və  təlimata  uyğun  olaraq  fəaliyyət  göstərmiş,  onların  digər  dövlət  orqanları  ilə  birgə  işi  uğurla  həyata  keçirilmişdir. 

1930-cu ildə yaradılmış Oğuz rayonunda müxtəlif millətlərin  nümayəndələri  mehriban,  səmimi  bir ailə  kimi  yaşayır,  onlar  Heydər  Əliyev  siyasi  kursuna,  azəbaycançılıq  ideyalarına  sadiq  qalaraq,  Azərbaycan Respublikasının Prezidenti   İlham  Əliyev  ətrafında  sıx  birləşərək  rayonumuzun  sosial-iqtisadi  inkişafında  fəal iştirak  edirlər.  Beynəlmiləl  və  çoxmillətli  yaşayış bölgələrindən  olan  rayonumuzda  milli-etnik  azlıqlardan  olan  ləzgilər  Qarabulaq,  Astarxanovka,   Filfilli  kəndlərində,  məhsəti  türkləri  əsasən  Oğuz  şəhərində,  Böyük Söyüdlü, Calud  kəndlərində,  yəhudilər  Oğuz  şəhərinin  cənub-qərbində,  udinlər  Oğuz  şəhərinin  şimalında,  ruslar Böyük Söyüdlü kəndində kompakt şəkildə məskunlaşmışlar.  Rayonumuzda  hazırda  bütün  etnik  azlıqlar  azərbaycanlıların  malik  olduqları  bütün  hüquqlardan  istifadə  edirlər.

2015-ci ildə  “Oğuz yurdu” qəzeti redaksiyası tərəfindən xeyli iş görülmüşdür. Qəzetdə verilmiş yazılarda ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi sahəsində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən görülən işlərdən, regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramından (2014-2018-ci illər) irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində rayonda həyata keçirilən quruculuq tədbirlərindən, aparılan abadlıq işlərindən, baş verən yeniliklərdən, nöqsan və problemlərdən ətraflı bəhs olunmuşdur.

2015-ci ildə Oğuz rayonu ərazisində 59 cinayət faktı qeydə alınmışdır. Ondan 55 faktın açılmışdır.(açılma faizi 91,8 %).

Ötən il  ümumi axtarışda olanların sayı 9 nəfə, onlardan yaxalananların sayı 8 nəfər olmuş, tutulma faizi 88,9  faiz təşkil etmişdir.  

Xəbərsiz itkin düşən 5 nəfərin tapılması təmin edilmişdir.

2015-ci ildə  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 fakt aşkar edilmişdir. Aşkar edilmiş faktlar üzrə 424,33 qram qurudlmuş marixuana və 1105 qram qurudlmamış marixuana dövriyyədən çıxarılmışdır. Rayonun müxtəlif ərazilərindən 4,0 hektar sahədən çəkisi 2439 kq olan yabanı halda bitmiş 4866 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

 RPŞ-nin sahə rəisləri və sahə inspektorları tərəfindən 306 ərizəyə baxılmış, onlardan 282-i icraata qəbul edilmiş, 24-ü isə aidiyyəti üzrə göndərilmişdir. 166 inzibati protokol tərtib olunub. 

2015-ci ildə yol hərəkəti qaydalarını pozan 1614 nəfər yol hərəkət iştirakçısına inzibati protokollar tərtib edilmişdir. Onlardan 44 sürücü sərxoş halda, 40 vəsiqəsiz, 84 texniki baxış, 53 manevr qaydalarını pozan və 1403 digər qaydaları pozan  sürücülər olmuşdur.

2015-ci ildə 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.

2015-ci ildə 101 yanğın hadisəsi qeydə alınmışdır. Baş vermiş yanğınlarda insanlar arasında xəsarət alan və ölən, mal-qara tələfatı olmamışdır. 

 

Bələdiyyə orqanları ilə işin təşkili

Hesabat ilində rayonda 1 şəhər, 14 kənd bələdiyyəsi fəaliyyət göstərmişdir. Onlar Bələdiyyə Milli Assosiasiyaları ilə birlikdə qarşılıqlı səmərəli fəaliyyətlərin qurulmasına nail olmuş, Assosiasiyanın irəli sürdüyü “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində il ərzində konkret layihələrin gerçəkləşdirilməsini təmin etmişdir.

2015-ci ildə rayon bələdiyyələri tərəfindən “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulmuş 63 layihədən 50-si tam başa çatdırılmış, 13 layihənin icrası 2016-cı ilin planına daxil edilmişdir.

2015-ci ildə yerli büdcənin gəlirləri 272,1 min manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən 63,9 % azdır.

Bələdiyyələr  vergilərin toplanılmasına diqqəti artırımalı, ərazilərə investorları cəlb etməli, onların balanslarında olan 9447 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi qanunvericiliyə uyğun olaraq səmərəli istifadə edilməli, əldə olunan gəlir yerli problemlərin həllinə sərf olunmalıdır.    

 

    Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili

 

 

2015-ci il ərzində Oğuz RİH-nə 594 müraciət daxil olmuşdur. Onlardan 557-si ərizə, 1-i təklif və 36-sı şikayət olmuşdur. 

Daxil olan müraciətlərin  102-si AR Prezidentinin Administrasiyasından, 2-si  Milli Məclisindən, 2-si  Nazirlər Kabinetindən, 33-ü respublikanın mərkəzi təşkilatlarından, 455-i vətəndaşlardan olmuşdur.

Daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 8 ədəd çox olmuşdur. O cümlədən 2 ədəd AR Prezidentinin Administrasiyasından, 2 ədəd  Milli Məclisindən, 2 ədəd  Nazirlər Kabinetindən azalmış,  5 ədəd respublikanın mərkəzi təşkilatlarından, 10 ədəd vətəndaşlardan daxil olan müraciətlər artmışdır.

Daxil olan müraciətlərin 44-nə nəzarət qaydasında baxılıb. Müraciətləri 303-ü müsbət həll olunub, 5-i qismən həll olunub, 204-nə müvafiq izahat verilib, 5-i əsassız sayılıb, 32-si icrada olmuş, 18-nin icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub, 27-si aidiyyəti üzrə göndərilib.

2015-ci ildə 31 kollektiv, 29 təkrar müraciət olmuşdur.

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanının 3.2 maddəsinin icrası ilə əlaqədəar Oğuz RİH başçısının 06 may 2015-ci il tarixli 41 nömrəli sərəncamı imzalanmışdır.  Sərəncama əsasən Oğuz RİH-də  vahid elektron informasiya sisteminə məsul şəxs, Oğuz RİH başçısının səlahiyyət verdiyi məsul şəxs və istifadəçilər müəyyənləşdirilmişdir.

30 dekabr 2015-ci il tarixədək sistemə 448 müraciət daxil edilib. Hər ayın sonuna daxil olmuş vətəndaş müraciətləri ilə bağlı 1 və 2 nömrəli formalar çıxarılaraq RİH başçısına təqdim olunur. 

2015-ci ildə  Oğuz RİH başçısının 92 qəbulu keçirilmiş, vətəndaşlar tərəfindən  408 müraciət olmuşdur. O cümlədən RİHB-nın 47 səyyar qəbulu olmuş, 206 müraciət olmuşdur. Qəbullarda 5721 nəfər iştirak edib. Qəbullarda qaldırılan məsələlərin 218-i (53,5 %)  müsbət həll olunub, 74-ü (18,2%) qismən həll olunub, 101-i (24,9%) ilə bağlı müvafiq izahat verilib, 15-nin (3,4%) həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib. Ümumiyyətlə RİHB Aparatının şöbələrində 2015-ci ildə 980 nəfər vətəndaş qəbul edilib.

                       

Hörmətli iclas iştirakçıları!

Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2015-ci il ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan

problemlər haqqında hesabat verdim.

RİH başçısının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında, rayon fəalları, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri ilə birgə keçirilən tədbirlərdə 2015-ci ildə görülmüş işlər, rayonda aparılmış yenidənqurma tədbirləri, mövcud nöqsanlar, problemlər, onları doğuran səbəblər geniş şəkildə təhlil olunmuş, nöqsan və problemlərin aradan qaldırılması üçün ciddi tədbir görülmüşdür.

2016-cı ildə görəcəyimiz işlərdə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır.

--Sahibkarlığın inkişafına dəstək verilməlidir. Sahibkarlara kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır. Yerli sahibkarlar rayonun iqtisadiyyatına  daha çox sərmayə qoymalıdırlar. İstehsal ( xırda emal sexləri) sahələrinin yaradılmasına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqəti artırmalı. 

--Rayonda Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi üçün tədbirlər görülməli, kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlardan səmərəli istifadə olunmalıdır. İri fermer təsərrüfatlarının yaradılması təmin edilməlidir.

--Dövlət qurumlarına maliyyə nəzarəti daha da gücləndirilməlidir. İctimai nəzarət mexanizmləri işlənməlidir.

--İstehlak qiymətlərinə çox ciddi nəzarət edilməli, ərzaq mallarının satışında süni qiymət artımının qarşısı alınmalıdır.

--Rayonda meliorasiya tədbirləri nəticəsində yararsız torpaqları dövriyyəyə buraxılması istiqamətində tədbirlər planı hazırlanmalıdır.

--RİH başçısı aparatı və aidiyyəti idarə və müəssisələr daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Rayonun iqtisadi və sənaye potensialının güclənməsi, mərkəzi büdcədən alınan dotasiyaların azalması ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

--Rayonda turizm sektorunun inkişafı üçün investorların cəlb edilməsi il bağlı tədbirlər görülməlidir.

--Rayonda ağacəkmə daimi proses olmalıdır.

 --2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar bu sahəyə diqqəti daha da artırmalıdır. Rayonun çoxmillətli olmasını nəzərə alaraq müvafiq tədbirlər planı hazırlanmalıdır.

Mən, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2016-cı ildə də davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan  (2014-2018-ci illər), Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 10 yanvar 2016-ci il tarixdə keçirilən “Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasındakı giriş və yekun nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır.  

Keçidlər